"Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib. “Futbolinfo”nun "Ajansspor"a istinadən yaydığı xəbərə görə, klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər arasında 2 illik ilkin razılaşma əldə olunub.
 
Xəbərdə Prosineçkinin meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşdüyü bildirilib. Görüş zamanı AFFA ona  yeni müqavilə təklif etsə də, Prosineçki qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib. Xəbərdə Prosineçkinin  sabah AFFA ilə ilin sonunadək olan müqaviləni ləğv edəcəyi və daha sonra Türkiyəyə getməyi planlaşdırdığı iddia edilib.
 
Amma Prosineçki fəaliyyətini millimizdə davam etdirəcəyini bildirib. 48 yaşlı xorvatiyalı mütəxəssis goal.com-a açıqlamasında ölkəmizdə qalacağını söyləyib: “AFFA rəhbərliyi işimdən razıdı. Mən də onlara hörmətlə yanaşıram. Əfsuslar olsun ki, iki gün öncə evdə Şimali İrlandiyaya şanssızcasına yenildik. Yaxşı oynamağımız nəticəni dəyişdirmir. Çox şeyin yazıldığını bilirəm. Amma indi mənimlə bağlı heç bir dəyişiklik yoxdu".
 
AFFA-nın baş katibi Elxan Məmmədov da məsələyə münasibət bildirib. O, “sport24”ə bunları deyib: “Türkiyədən olan həmkarlarınız heç bir əsası olmayan informasiyanı ortaya ataraq, Prosineçkinin millimizdən gedəcəyini iddia edirlər. Ancaq rəsmi olaraq bildirmək istəyirəm ki, Robert Prosineçkinin AFFA-yla müqaviləsi var və o, heç bir yerə getmir. Prosineçki dekabrın sonunadək millimizin “sükanı arxasında” qalacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp