Avstriyanın Tirol bölgəsində – İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, gündə iki dəfə məşq edən “qırmızı-qaralar” bu gün ikinci yoxlama oyununu keçirib. 

Roman Qriqorçukun çalışdırdığı komanda Rusiyanın “Axmat” klubu ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb və rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

Bu qarşılaşma Roman Qriqorçukun yetirmələrinin mövsümlərarası dövrdə ikinci sınağı idi. Komanda ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlmişdi. “Qırmızı-qaralar”ın bugünkü rəqibi “Axmat” uzun illər “Terek” adı ilə çıxış edən Qroznı təmsilçisidi. 

Çeçenistan klubu 2016/17 mövsümündə Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bu nəticə 1958-ci ildə yaradılan klubun tarixində çempionatlarda əldə etdiyi ən yüksək göstəricidir. “Terek” həm də 2003/04 mövsümündə Rusiya kubokunun qalibi olub. Məhz həmin uğur qroznılıların avrokuboklarda debütünə imkan verib ki, 2004/05 mövsümü klubun tarixində qitəmiqyaslı turnirlərdə yeganə çıxış olub.
 
Yoxlama oyunu
15 iyun

“Qəbələ” – “Axmat” – 0:1

"Qəbələ"nin start heyəti: Dmitri Bezotosnı, Voyislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp