Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsində ilk qarşılaşmasında “Qrodiq”lə üz-üzə gəlib. Roman Qriqorçukun yetirmələri oyuna aşağıdakı heyətlə başlayıb:
Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Araz Abdullayev, Stiven Monroz, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, Filip Ozobiç, Endi Hallidey, Ürfan Abbasov.
“Qəbələ” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alsa da, avstriyalıların müqavimətini yalnız ilk yarının ortalarında qıra bilib. 24-cü dəqiqədə Monroz fərqlənib. Fasiləyədək komanda hesabı artırmağa da nail olub. İlk qoldan 13 dəqiqə sonra Ürfan rəqib qapısına yol tapıb.
Baş məşqçi Roman Qriqorçuk oyunun 1-ci hissəsindən sonra Bezotosnı, Hallidey, Hüseynov, Abbasov, Monroz, Ozobiç, Malone və Ramaldanovu əvəzləyib. Onların yerinə meydana Aqil Məmmədov, Elvin Camalov, Asif Məmmədov, Elvin Məmmədov, Fərid Nəbiyev, Roman Hüseynov, Xavyer Ernandes Qonzales və Qismət Alıyev daxil olub.
İkinci hissəyə "Qəbələ" qolla başlayıb. 47-ci dəqiqədə Asif fərqlənib. Bir dəqiqə sonra Ernandes fərqi artırıb. Asif 56-cı dəqiqədə dubl müəllifi olubsa, 58-ci dəqiqədə Araz penaltini dəqiq yerinə yetirib. Fəridin 75-ci dəqiqədəki qolu matçda sonuncu olub – 7:0.
Beləliklə, “Qəbələ” ikinci təlim-məşq toplanışına böyükhesablı qələbə ilə başlayıb.
Bu, “Qəbələ”nin Avstriyada 6-cı yoxlama oyunu idi. Roman Qriqorçukun komandası daha əvvəl “Fulpmes” (Avstriya) üzərində 8:0 hesablı qələbə qazanıb, “Axmat” (Rusiya, 0:1), “Vakker” (Avstriya, 0:1), MOİK (Bolqarıstan, 0:2) və “Ludoqorets”ə (Bolqarıstan, 0:2) uduzub.
Yoxlama oyunu
30 iyun
"Qəbələ" – "Qrodiq" – 7:0
Qol: Stiven Monroz, 24. Ürfan Abbasov, 37. Asif Məmmədov, 47; 56. Xavi Hernandes 48. Araz Abdullayev, 58-pen. Fərid Nəbiyev, 75.