Almaniyanın "Köln" klubunun rəsmi saytının Avropanın qeyri-adi xüsusiyyətlərə malik klubları barədə hazırladığı yazıda "Qəbələ"dən də bəhs olunub. Futbolinfo.az xəbər verir ki, yazıda "qırmızı-qaralar"ın kifayət qədər maraqlı komanda olduğu bildirilir. 

Qeyd olunur ki, "Qəbələ" son iki mövsümdə bütün 4 təsnifat mərhələsini keçərək, qrupa vəsiqə qazanıb: "Sonra isə onlar 2 dəfə Almaniya təmsilçiləri ilə eyni qrupa düşüblər. İlk dəfə Dortmund "Borussiya"sı, ardından "Maynts"la görüşlərdə məğlubiyyətlər qeydə alınıb. Bu dəfə isə klub öz ölkəsində titul qazanmadığı halda, Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq".

Digər maraqlı klublar sırasında Şimali İrlandiyada yaradılmasına baxmayaraq, İrlandiya çempionatında çıxış edən "Derri Siti"nin də adı çəkilib. Bu klubun stadionunun da qeyri-adi olduğu vurğulanıb: "Brandywell" stadionunda futbol matçları ilə yanaşı, it yarışları da keçirilir. Stadion elə tikilib ki, gələcəkdə it yarışları treki futbol meydanından ayrılsın.
Yazıda Avstriyanın Qrats şəhərində fəaliyyət göstərən kluba "Şturm" adının verilmə səbəbi də göstərilib. Bu, əfsanələrə əsasən, şəhərdə hökm sürən fırtına ilə əlaqələndirilib.

Nəhayət, 2012-ci ildə özünü bankrot elan edən Şotlandiya "Qlazqo Reyncers"inin azarkeşlərin dəstəyi ilə ayaqda qaldığı, IV Diviziona yuvarlanmasına rəğmən, yenidən Şotlandiya Premyer Liqasına çıxdığı və artıq Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başladığı xatırlanıb. Bildirilir ki, "Reyncers" indiyədək UEFA-ya üzv olan ölkələrin milli çempionatlarından çox – 54 titul əldə edib. Qlazqo komandasının da "Qəbələ"dən nümunə götürərək, 4 mərhələ keçməklə, qrupa vəsiqə qazanmasının gərəkliyi vurğulanıb. Report

Shares: