“İnter”in stadionu – “İnter Arena” işıqsız qalıb. Buna səbəb klubun “Bakıelektrikşəbəkə”yə 6000 manat borcunun olmasıdı. Paytaxt təmsilçisi ödənişi gecikdirdiyi üçün arenada işıqlar da kəsilib (qafqazinfo).
Avropa Liqasının yeni mövsümünə dünən Serbiyada start verən “Mladost”a 3:0 qalib gələrək növbəti mərhələ şansını artıran "İnter" 3 aydı kommunal xərclərini ödəmir. Yəni ki, problem yalnız işıqla bağlı deyil, eyni zamanda, istifadə olunan su və qazın haqqı da verilmir.
Sportinfo.az-ın məlumatına görə, problemin kökü klubun yeni rəhbərliyi ilə Azərbaycan Beynəlxalq Bankının (ABB) münasibətlərinə gedib çıxır. Bu ilin yanvarın 27-də klubu himayəsindən çıxaran ABB "İnter Arena"nı nə AFFA-nın mülkiyyətinə verir, nə də Müşahidə Şurasının sərdi Zaur Axundovun anlaşdığı iş adamlarına.
8 il öncə stadion və bazanı AFFA-nın balansından çıxarıb öz adına özəlləşdirən bank indi bura 33 milyon manat qiymət qoyub. Yaxınlaradək bu rəqəm 34 milyon idi, son olaraq 1 milyon manat güzəştə gediblər və dayanıblar.
Bir neçə gündü ki, "Aqrokredit"in nümayəndələri davamlı olaraq "İnter Arena"ya gəlir, Axundovdan tələb edir ki, mərkəzi tamamilə boşaltsın. Klubla ABB arasında heç bir bağlantının qalmamasını əsas göstərən "Aqrokredit" vaxt qoyub: əsas komanda başda olmaqla, "İnter"in əvəzedici heyəti və akademiyası iyulun ilk həftəsində kompleksi tərk etməlidi.
Proseslər AFFA prezidenti Rövnəq Abdullayevin birbaşa diqqətindədi. Onun artıq hər şeydən xəbəri var, sadəcə, qarşı tərəflə aparılan danışıqlar hələlik nəticə vermir. "İnter"in başqa yerdə məskunlaşmasını istəyən "Aqrokredit"in hadisələrin mərkəzində dayanması təsadüfi deyil. 2 il öncə bankın bütün mübahisələri kredit məsələləri ilə məşğul olmaq sözügedən quruma tapşırılıb.
“İnter”in “Bakcell Arena”ya, daha sonra “Dalğa Arena”ya köçməsinin də səbəbi budur. Kəsəsi, elə vəziyyət yaranıb ki, AFFA vaxtilə 4 milyona satdığı stadionun indi maliyyələşdirdiyi klubdan alınmasının qarşısını ala bilmir. 4 milyona satdığı, girov qoyularaq 8 qat artıq kredit götürülən “İnter Arena”nın. Bəlkə də bu bazanın əsl dəyəri elə bu qədərdi… AFFA isə hansısa gizli məqsədlə demək olar, müftə verdiyi bazanın əldən çıxmaması üçün indi dövlət səviyyəsində tapşırıq, bağışlanma, tapşırıq gözləyir.