Növbəti mövsümdə İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Roma" heyətinə daha bir futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, "canavarlar" sabiq futbolçusu Lorenso Pelleqrinini sıralarına qaytarıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, paytaxt təmsilçisində 7 nömrəli forma altında çıxış edəcək. "Roma" bu transferə görə onun sabiq klubu "Sassuolo"ya 10 milyon avro təzminat ödəyib.
İtaliya millisinə də dəvət alan futbolçu yetirməsi olduğu "Roma"da 2014/15 mövsümündə cəmi 1 oyun keçirdikdən sonra "Sassuolo"ya transfer olunmuşdu. O, bu komandada son iki mövsümdə 54 oyuna çıxıb. Pelleqrini geridə qalan mövsümdə iştirakçısı olduğu 28 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.