İndi Elxan Məmmədov özünüxilas planları cızır. O, hər dəfə hansısa layihəsi iflasa uğrayanda bunu kiminləsə bağlayır. Xüsusilə İcraiyyə Komitəsi onun qalxanıdı. Hər dəfə hansısa mənasız qərardan söz düşəndə bu qərarı İcraiyyə Komitəsinin verdiyini deyir, özünü heç nədən xəbəri olmayan biri kimi göstərir. Halbuki hamıya aydındı ki, İcraiyyə Komitəsinin bütün iclaslarının ssenarisini o yazır, hətta qərarları da tədbir baş tutmamış təsdiqlədir. Prezidenti, vitse-prezidentləri inandırdıqdan sonra isə İcraiyyə Komitəsi formal olaraq əl qaldırıb, qərarlara rəsmilik qazandırır. Sonucda layihə uğurlu olduqda onu öz əməyi, uğursuz olduqda İK-nın işi kimi qələmə verir. Beləliklə, komitəni oyuncaq qurum kimi istifadə edir.
 
Məmmədov o qədər özünə arxayın idi ki, İcraiyyə Komitəsinin üzvlərini də saya salmırdı. Məsələn, ölkə kubokunun son final matçında o, Naxçıvan stadionunda VİP-Lojada əyləşdi, İsgəndər Cavadovu isə azarkeşlər arasına qovdurdu. Halbuki Elxan bəylə İsgəndər bəyin nə futboldakı xidmətləri müqayisəolunandı, nə də vəzifələrinin çəkisi. Qanuna qalsa, baş katibi postuna təsdiqləyən İcraiyyə Komitəsidi. Amma Məmmədov elə sistem qurub ki, ölkə başçısının “Şöhrət” ordeniylə mükafatlandırdığı Cavadovu baş katib yanında əyləşməyə də layiq bilmir.
 
Elxan bəy AFFA-da sistemi elə qurub ki, sistem futbolun inkişafına yox, məhz onun özünə işləyir. Bundan başqa o, bir çox tədbirlərin təşkilində hər xırda nüansa fikir verir.
 
Məsələn, Bakı Olimpiya Stadionunun açılışına futbol veteranları da dəvət olunmuşdu. O zaman dövlət başçısı onlarla görüşmüş, hal-əhval tutmuş, qayğıları ilə maraqlanmışdı. Həmin tədbirdən sonrakı heç bir mərasimdə veteranlar gözə dəymədi. Çümki baş katibin göstərişi ilə onlara dəvət göndərilmədi, göndəriləndə də onlar “qaynar nöqtə”yə buraxılmadı. Məmmədov qorxur ki, onların vəziyyəti ilə maraqlanarkən kimsə şikayət edər, onlara qarşı diqqətsizlik yuxarılarda bilinər.
 
Oxşar hal “Neftçi” Avropa Liqasında qrupa düşəndə də olmuşdu. Bakılılar ölkə tarixində ilkə imza atsa da, onların dövlət səviyyəsində qəbulu mümkün olmadı. Daha sonra bunu bacaranlara, hətta “Birlik kuboku”nu əldə edənlərə xüsusi diqqət olsa da, siftə etmiş “Neftçi” unuduldu. Dövlət rəhbərliyi uğura biganə deyildi, hətta görüş üçün gün də təyin olunmuşdu, ancaq AFFA-dakı bir qrup adam və onların havadarları qəbulu müxtəlif bəhanələrlə yaddan çıxarmağa nail oldular. Görüş baş tutsaydı, bu, baş katibə divident gətirməyəcək, əksinə, onun işgüzar imicinə zərbə dəyəcəkdi. Yuxarılar görəcəkdi ki, futbolda uğur qazanmağı bacaran insanlar da var.
 
Lakin bütün bunlar da bir yerə qədər idi.
 
(davamı olacaq)
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp