Çox keçməz, “Neftçi”nin rəsmi səhifəsində yeni xəbər peyda olar. Axı, Pavel Paşayev Ukrayna “Stal”ı ilə müqaviləni ləğv edib.

İndi Paşayev azad agent statusu qazanıb. “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bu xəbərə səhrada su tapmış ərəb kimi sevinir. Pavel yerli oyunçudu, milli üzvüdü, adı və özü kimi rusdillidi və ən əsası, Riad Rəfiyevin futbolçusudu. Bundan gözəl nə ola bilər? Həm komandaya yeni nəfəs gələcək, həm limitlə bağlı problemin həllinə yardımçı olacaq, həm onu işlə təmin edən Elxan Məmmədovun gözünə girəcək, həm də Riaddan yaxşı qonaqlıq alacaq. Paşayevin səviyyəsi, “Qəbələ”də niyə 6 ay ehtiyatda qalması heç Elxanın vecinə də deyil.

***

Ötən günlərdə Abdullayevin müsahibəsini oxudum. Deyir ki, çox güman, əcnəbi transfer etməyəcəyik, komandanı qışda qurmuşuq, indi həmin futbolçularla nəticə qazanacağıq. Nöqtə-vergülünə kimi belə deməyib – dediklərindən belə çıxır.

Amma bir neçə ay öncə Elxan bəy başqa sözlər deyirdi. O, yayda heyətə yeni oyunçular qatıb fərqli komanda qurmağı vəd edtmişdi.

Bir adamın bir neçə ay içində iki fərqli açıqlamasının səbəbi olmalıdı. Onu isə Abdullayev deməyəcək, mən yazım. Sponsorlar transferlər üçün büdcə ayırmayıb, deyiblər ki, əlinizdə olanla kifayətlənin, limiti çoxdan keçmisiz.

Yəni ki, bu adamlara inam qalmayıb. Başqaları (“Kəpəz”, “Sumqayıt”) 7-8 yüz minlə mövsümü yola verir, daha yüksək yer tutur, “Neftçi” isə 7-8 milyona 8 komanda arasında 7-ci olur. Bu səbəbdən sponsorlar maliyyəni azaldıblar. Adamlar haqsız deyil. Heyətdə olan saysız legionerləri qovmaq da xərcdi, saxlamaq da. 12-ci, 13-cü nəyə lazımdı? Onsuz da heyətin yarısı limit üzündən kənarda qalacaq.

“Neftçi”yə pul ayırılır, lakin maliyyənin böyük hissəsi icraçı direktor Orxan Hüseynzadənin “yüksək zəka”sının məhsulu olan kredit borcunun ödənilməsinə sərf olunur. Həmin kredit ki, onun sərf edildiyi transferlər komandanı autsayderlikdən qurtara bilmədi. İndi SOCAR-dan icazəsiz alınan 3 milyon ödənməli, üstəlik, komanda nəticə qazanmalıdı.

***

“Neftçi” transfer edir. Amma əcnəbi ovu dayandırılıb, klubu çapıb-talayan Kamil Məmmədov – Riad Rəfiyev cütlüyü indi də dostları olan Orxan Hüseynzadəylə Elxan Abdullayevə yerli oyunçuları calaq edirlər. “Qəbələ”yə lazım olmayan Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Elnur Cəfərovu. Onların keçidindən cibə qoyulan pul çox deyil, məsələn, Cəfərovun “Bakıdan Bakıya” transferi üçün onca min qazanıblar. Bir müəllimin, həkimin, alimin 2-3 ilə aldıqları maaşı dost xahişiylə monopoliyada olan kluba bir günə calayıb, dövlət vəsaitini dağıtmaqla kef edirlər. Amma o məbləğ Folprextdən, Dreksadan, Seqoviyadan, Petrovdan yeyilən yüzminlərin yanında nə puldu ki?

Bu həmin Elnurdu ki, “Xəzər Lənkran” yetirməsidi və cənub klubunda oynayarkən “ölərəm, əzəli rəqib “Neftçi”də oynamaram” deyirdi. Amma oynayacaq. Rəfiyev pul qazanmalıdı deyə, özü 600 manata layiq olmadığı halda aya 6000 minə sahib olacaq deyə oynayacaq.

***

"Neftçi"də yeni təyinat da var. Bir müddət əvvəl lazımsız bilinib ləğv olunan azarkeşlərlə iş üzrə koordinator vəzifəsi yenidən bərpa edilib. Və həmin posta Tural Məmmədov gətirilib. Klubun əsl sahibi Kamil Məmmədovun daha bir dostu iş axtarınca lazımsız vəzifə bir andaca ən vacib posta çevrilib. Bəs, necə? Kamilin dostu işsiz qalmayacaqdı ki? O da dövlətin nəzarət etmədiyi, havaya sovrulan pulundan bir vedrə doldurmalıdı axı…

Kənan Hənifəyev bacarmırdı, azarkeşlər futbolçuları, məşqçiləri, rəhbərliyi söyürdü, indi isə əzələsinə arxayın “vorzakon” gəlib. Səsini çıxaranı yerindəcə əzişdirəcək. Hələlik fanatlarla görüş keçirirlər, sosial şəbəkədə ban edilənləri əfv edirlər, bundan sonra isə “çaşanlar”a qol gücü göstəriləcək. Uğurlu nəticələrlə azarkeşləri sakitləşdirə bilmədilər, indi bu üsulu sınaqdan keçirəcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp