Bu gün “Kəpəz” yeni mövsüm üçün məşqlərə start verdi. Əməkdaşımızın da izlədiyi hazırlıq prosesində məşqçilər heyəti oyunçuları çox əziyyətə salmadı.
 
ADBTİA-nın yaşıl, amma kələ-kötür qazonuna ayaq basan futbolçular üçün bu məşq daha çox tanışlıq xarakteri daşıyırdı. Çünki baş məşqçi Şahin Diniyev heyəti yarıbayarı yeniləyib. Gənc futbolçuların yığışdığı əyalət klubunda yenilərin uyğunlaşması xeyli vaxt aparacaq. Amma bu, Diniyev üçün demək olar, hər mövsüm təkrarlanan prosesdi – o, komanda qurur, mövsümün sonunda isə istedadı açılan futbolçular maliyyə baxımından daha güclü klublara qaçır, məşqçi isə işə yenə sıfırdan başlayır.
 
Köməkçi məşqçilər – Xaliq Mərdanov, Vidadi Rzayev və Nadir Şükürovun da qatıldığı məşq uzun çəkmədi. Sabahkı çalışmalar fərqli məkanda və fərqli şərtlərlə davam edəcək. Komanda Ərzuruma yola düşənə kimi futbolçular yüklənməyəcək. Türkiyədə heyətə qoşulacaq 3 əcnəbinin gəlişi ilə hazıqlıq daha da intensivləşəcək.
 
Bugünkü məşqdən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məşqçilər korpusu və futbolçularla da görüşüb. Müşahidə Şurasının sədri Elmir Vəliyevin komanda üzvlərinə salamını çatdıran Nərimanoğlu “Kəpəz”in yenə rəhbərliyin və azarkeşlərin etimadını doğruldacağına əmin olduğunu bildirib. Gəncə şəhər stadionunun əsas meydançasında görülən işlərlə bağlı məlumat verən Nərimanoğlu arenaya tezliklə yeni qazonun salınacağını deyib. Ən müasir ot örtüyü ilə təmin olunacaq stadionda “Kəpəz”in möhtəşəm qələbələrlə azarkeşləri sevindircəyinə inamını ifadə edib.
 
Maraqlıdı ki, Nərimanoğlunun bəlağətli nitqi zamanı komandanın nə vaxt birdəfəlik Gəncəyə köçəcəyi, didərgin həyatına son qoyacağı haqda vəd eşidilməyib. Vəliyev də komandaya yalnız salamını çatdırıb, bazanın təmir olunacağı, heç olmasa, 1 məşq meydançasının salınacağıyla bağlı vəd verməyib. AFFA-nın Gəncəyə göndərdiyi, lakin 2 ildi stadion ərazisində yağış altında qalan süni qazonun taleyi barədə də danışan olmayıb. Kəsəsi, dəqiqdi ki, komanda yenə Bakıda yaşayıb, qonaq kimi getdiyi Gəncədə yalnız oyuna çıxacaq.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp