İngiltərənin "Arsenal" klubu fransız futbolçu Aleksandr Lakazettin transferini nəhayət ki, rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, London klubu Lion "Olimpik"indən (Fransa) aldığı 26 yaşlı futbolçu ilə bu gün uzun müddətli müqavilə imzalayıb. Bu barədə "Arsenal"ın rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmır. 

İngiltərə mətbuatı isə "topçular"ın bu transferə görə bonuslarla birlikdə 46,5 milyon funt-sterlinqindən keçdiyini iddia edir. Belədə Lakazett türk əsilli almaniyalı futbolçu Məsut Özilə məxsus rekordu qırmaqla bu klubun tarixində ən bahalı futbolçu olub. Belə ki, İngiltərə nəhəngi Özili Madrid "Real"ından alarkən 42,4 milyon funt-sterlinqindən keçməli olmuşdu.

Peşəkar karyerasına yetirməsi olduğu "Olimpik"də başlayan fransız hücumçu 2010-cu ildən bəri bu komandada 276 oyuna çıxıb, rəqib qapılarından 129 qol keçirib. O, Lion təmsilçisinin heyətində bir dəfə Fransa çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb. Ölkəsinin millisində 11 oyun keçirən futbolçu cəmi 1 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, geridə qalan mövsümdə 1995/96 mövsümündən bəri ilk dəfə Premyer Liqada ilk dördlükdən kənarda qalan və Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Arsenal" Lakazettdən öncə Bosniya-Herseqovina yığmasının müdafiəçisi Sead Kolaşinaçı transfer etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp