“Səbail” – Topaz Premyer Liqasının debütantı, ölkə futbolunda yeni ad. İddia ilə, amma səs-küysüz gəlir…
 
Taktikaları da təqdirolunandı. Yeni rəhbərlik, gənc funksionerlər gələcəyin klubunu yaratmaq istəyirlər. İlk mövsüm üçün ciddi hədəf yoxdu. Daha doğrusu, hansısa konkret yeri tutmaq tapşırığı verilməyib, sadəcə, döyüşkən komanda yaratmaq istəyirlər. Elə bir kollektiv ki, heç kimin qarşısında əzilməsin, oynasın, döyüşsün, rəğbət qazansın. Qarşıdakı mövsümlərdə isə büdcə də böyüyəcək, hədəflər də.
 
Dünən “Səbail”in Bakı Olimpiya stadionunun ehtiyat meydançasındakı məşqini izlədim. İşi bacarana tapşırıblar. Samir Əliyev “Neftçi”dəki acı təcrübədən, təzyiq və stressli dönəmdən sonra çox rahat görünürdü. Məşqə özü də biganə qalmır, futbolçulara qoşulur, onlarla birgə qaçır, çalışırdı.
 
Məşq meydançasına təsadüfi gələn adam burada hansı komandanın hazırlaşdığını anlamazdı. Burada “Zirə”dən də futbolçu vardı, “Neftçi”dən də, “İnter”dən də. Heyət təzə yığıldığından hamı keçmiş klubunun formaları ilə məşq edirdi, vahid geyim yox idi. Amma yeni klub üçün bağışlanası mənzərədi, yaxın günlərdə bütün geyim dəstləri gələcək və hamı eyni komandanın oyunçusu olacaq.
 
Məşqdə futbolçu sayı həddindən artıq idi. Lakin bu, seçim prosesidi, bir çox futbolçularla müqavilə rəsmiləşsə də, yolların ayrılacağı cavanlar da az deyil. İyulun 9-a kimi özünü sübut edə bilməyənlər Bakıda qalacaq, Əliyevə lazım olanlar isə Türkiyə toplanışına gedəcək.
 
Hələlik heyətdə 2 legioner var. Elman Taqayevə legioner də demək olmur – azərbaycanlıdı, dilimizi səlist bilir, sadəcə, Türkmənistan vətəndaşıdı. Adını hətta məşqçilərin, klub işçilərinin də xatırlamadığı qırğız futbolçu isə tezliklə geri göndəriləcək. Əvəzində Türkiyə toplanışı zamanı heyətə legionerlər qoşulmalıdı. Yüksək maaş vermək imkanı olmadığından Samir Əliyev sayı az, keyfiyyəti yüksək etmək istəyir.
 
Bakıdakı seçim prosesi çox çətindi. Saatyarımlıq məşq zamanı gördüklərim qəribə hisslər yaradırdı. 2 qrupa bölünən futbolçulardan təcrübəlilər hazır görünmürdü. Vüqar Nadirov, Emin Cəfərquliyev, Nurlan Novruzov artıq müqavilə bağlasa da, sanki bunun arxayınlığına təslim olmuşdular. Cavanlarla iş isə daha çətindi. Samir Əliyev, köməkçisi Səttar Əliyev tez-tez məşqi dayandırır, onlara uşaq vaxtı mənimsəməli olduqları şeyləri izah edirdilər. Uşaq məşqçiləri onlara elementar hərəkətləri, taktiki bilikləri də öyrədə bilməyib.
 
Lakin istedadlılar da az deyil. Əliyev də söhbətində məhz bundan məmnun olduğunu gizlətmədi: “Təzyiq altında deyiləm. Rəhbərlik şərait yaradıb və məndən nəticə yox, yaxşı komanda istəyirlər. Həmin komandanı qurmaq üçün də çalışırıq. Yaxşı komanda olandan sonra nəticə də gələcək. Düzdü, məşqdə futbolçu sayı çoxdu, heyət hələ ələnəcək. Amma istedadlı cavanlarımız var və onlar özünü sübut etmək üçün alışıb-yanır. Mənə də bu lazımdı”.
 
Samir təslim olmayan, gözəxoş futbol oynayan komanda qurmaq fikrindədi: “Belə cavan futbolçularla işləyirsənsə, daha çox sürətə üstünlük verməlisən. Ustalıq təcrübəlilərlə müqayisədə zəifdisə, bu çatışmazlığı sürətlə kompensasiya etməlisən. Buna nail olacağımıza əminəm”.
 
Əliyev hələ kapitanı seçməyib. Amma bu rola namizədləri var: “Türkiyə toplanışından sonra müəyyənləşdirəcəyik. Hələlik komanda oyununu düzəltməliyik. Bu mövsümü təcrübə toplamağa sərf edəcəyik. Rəhbərlik də yaxşı işlər görür – “Bayıl Arena”da futbolçuların qalması və qidalanması üçün şərait yaradırlar. Türkiyədə 17 günlük toplanış bir çox komanda üçün arzudu, biz isə bu hazırlıq mərhələsini keçəcəyik. Şəraitdən, qayğıdan şikayətim yoxdu, qalır nəticə vermək”.
 
İyulun 10-dan Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq "Səbail"in yoldaşlıq oyunu keçirəcəyi rəqibləri də bəllidi. “Aslanlar”ın ilk rəqibi Omanın U-23 yığması olacaq. İyulun 13-dəki görüşdən 2 gün sonra İran Pro-liqasında mövsümü 4-cü pillədə başa vurmuş "Zob Ahan"la matç olacaq. İyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən "Əl İttifaq", 3 gün sonra Özbəkistan təmsilçisi "Paxtakor" təmsilçimizlə qarşılaşacaq. Əliyevin yetirmələri hazırlığı iyulun 26-da Səudiyyə Ərəbistanının "Əl Raed" komandasına qarşı oyunla başa vuracaq.
 
“Səbail” indiyədək 2 yoxlama oyunu keçirib. “Sumqayıt”la heç-heçə edən (2:2) “aslanlar”, “Binə”ni məğlub ediblər (2:0). Debütant iyulun 8-də yenidən “Sumqayıt”la qüvvəsini sınayacaq. Və həmin matçda “Səbail” daha yaxşı oynamalıdı. Çünki izlədiyim məşqin sonunda artıq Samirin bəhs etdiyi döyüşkən komandanın işartıları görünürdü. Az qala 2 saat davam edən məşqin bitimində futbolçularda yorğunluq hiss olunmurdu, gənclərdən qurulan heyətin gözü topdan, meydandan doymamışdı.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp