"Neftçi"də deyəsən, hamı başını itirib. Hərdən klub elə xəbərlər uydurur ki, çaşıb qalırsan.
 
Ola bilsin, klubun biabırçı idarəetməsini, uğursuz nəticələri, dost-tanış monopoliyasına çevrilməsini gizlətmək istəyirlər. Elə bu səbəbdən diqqəti əsas komandadan yayındırmaq, eyni zamanda klubun ayaqlar altına atılan imicinə müsbət çalarlar qatmaq üçün hərdən belə xəbərlər peyda olur.
 
Dünən gün boyunca idman saytlarını "Neftçi”nin Avropa Klublar Assosiasiyasının (ECA) üzvü olması barədə xəbərlər bəzədi. Klubun rəsmi saytından götürülən bu xəbər mətbuat üçün maraqlı idi. Amma biz “Futbolinfo” olaraq gözləməyə qərar verdik. Çünki ən azı əvvəlki illərdə eyni xəbərlər yaddaşımızda idi, hətta sabiq icraçı director Elnur Məmmədovun ECA-nın tədbirlərindən olan fotosessiyalarını da görmüşdük.
 
Gün ərzində Elnur bəylə danışmağa çalışdıq, amma zənglərimizə cavab vermədi. Belədə məcbur  qalıb ondan əvvəlki rəhbərlikdən məsələni dəqiqləşdirmək istədik. Axı, “Neftçi” onsuz da bu qurumun üzvü idi – nə vaxt çıxarıldı ki, yenidən üzv olsun?
 
Bakı klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov məsələyə belə aydınlıq gətirdi: “Doğrusu, o xəbər mənə də qəribə gəldi. Çünki klub ECA-ya hələ bizim vaxtımızdan – 2010-cu ildən üzv idi. 2012 və ya 2013-cü ildən tamhüquqlu üz olduq. Ondan sonra da hər il qurumun tədbirlərinə nümayəndələrimiz qatılırdı. Bu səbəbdən xəbərdə yanlışlıq var. ECA-ya çoxdan üzv olmağımız həm də ona görə yadımdadı ki, hesabımıza bu qurumdan maliyyə daxil olurdu. Məsələn, 2012-ci ildə 200 min avroya yaxın vəsait büdcəmizə daxil oldu. Bu, komandamızın milli komandalarda oynayan futbolçularına görə verilmişdi. Nasimov, Ramos, Vobay və başqaları öz ölkələrinin millilərində çıxış edirdi və buna görə “Neftçi”nin hesabına bu qurumdan pul daxil olmuşdu. Son illərədək də mətbuatdan “Neftçi”nin nümayəndələrinin ECA-nın tədbirlərinə qatılması haqda oxuyurduq”.
 
Maraqlıdı ki, günün sonunda “Neftçi”nin rəsmi saytı da xəbərə “əl gəzdirdi”: “Neftçi” PFK Avropa Klublar Assosiasiyasının (ECA) tamhüquqlu üzvü statusuna yiyələnib. Növbəti iki il ərzində ECA-nın Baş Assambleyası çərçivəsində keçiriləcək seçkilərdə "Neftçi” səs hüququna malik olacaq.
Qeyd edək ki, "Neftçi” PFK 2010-cu il iyulun 1-dən bu qurumun üzvüdür”.
 
Məhz sonuncu cümlə xəbərə əlavə olundu. Halbuki klub həqiqətən üzv idisə, bunu “məhz indi üzv oldu” kimi təqdim etmək məntiqsizdi. Tamhüquqlu üzvlukdən söhbət gedirsə, yenə təzə xəbər deyil, çünki bakılılar buna 2012-ci ildən nail olub. ECA-nın rəsmi saytındakı hesabatlarda ötən il üçün “Qarabağ” tamhüquqlu, AZAL və “Neftçi” assosiativ üzv kimi göstərilib. Ondan əvvəlki illərdə isə məhz bakılılar tamhüquqlu üzv olub. Ağdamlıların 1 ildən sonra bu hüquqdan məhrum edilməsi, “Neftçi”yə ikiillik belə şans verilməsi qaranlıq məqamdı.
 
Ola bilsin, “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə özünü işgörən biri kimi təqdim etmək üçün belə manipulyasiyalara əl atır. Amma ehtiyac yoxdu, “Neftçi”nin durumu elə bu bəyin vizit kartıdı. “Neftçi”ni günün birinci yarısı üzv, ikinci yarısı tamhüquqlu üzv kimi təqdim etməklə komandanın ötən mövsümü 8 komanda arasında 7-ci bitirməsi unudulmayacaq.
- Futbolinfo.az
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp