Elxan Məmmədovun səlahiyyətlərinin yavaş-yavaş bölüşdürülməsi prosesi bir neçə aydır davam edir. Onun xələfinin ilk adamı artıq AFFA-dadı. Nazim Əliyev SOCAR-dan boşuna göndərilməyib. SOCAR-ın Sərmayələr İdarəsinin şöbə rəisi hazırda AVRO-2020 üzrə koordinatordu.
 
Əliyev yeni posta gəldiyi gündən qitə çempionatı ilə bağlı bütün məsələlərə nəzarəti ələ alıb. İndi bu yarışla bağlı bütün detallar onunla razılaşdırılır. Nazım bəy bu işi bir əldə cəmləyib,həm də prosesləri öyrənir ki, Elxan Məmmədovla vidalaşmaq lazım gələndə AFFA pis vəziyyətdə qalmasın, bu işləri bilən bir kadr olsun.
 
Əslində, baş katib postunda Zaur Qəhrəmanovun da gözü var. “Neftçi”nin Müşahidə Şurasının üzvü SOCAR-da da arxalı adamdı. O, özünə yaxşı vizit kartı hazırlaya bilib. Şurada olması təsadüfi deyil, özünü futbol idarəçiliyində olan adam kimi tanıdır. Şirkətin ölkə xaricindəki bir çox layihələrində yer alır. Lakin tamahı üzündən çoxdan özünü yandırıb.
 
Zaur bəyin “Neftçi”də transfer məsələlərinə, idarəçiliyə kobud müdaxilələri və nəticələrin heç də yaxşı olmaması hamıya bəllidi. Onun kluba gətirmək istədiyi portuqaliyalı idman direktoru ilə bağlı olay isə daha çox xatırlanır. Menecer Riad Rəfiyevlə şərikli təşkil etdikləri plana görə, bu əcnəbi 300 min avro maaşa işləməli, onlar da bu izdivacdan 30 faizlik pay götürməli idilər. O zaman icraçı direktor Elnur Məmmədov bu plana qarşı çıxdı, əvəzində Qəhrəmanovun tələbi ilə postundan uzaqlaşdırıldı.
 
Amma bu olay yuxarılara raport kimi çatdırıldı və Zaur bəyə idarəçiliyə qarışmamaq barədə ciddi xəbərdarlıq olundu. Bəlkə də o zamana kimi, Qəhrəmanov həqiqətən ciddi futbol məmuru kimi tanınırdı, lakin tamahının ucbatından parlaq ola biləcək karyerasının üstündən xətt çəkdi.
 
Qəhrəmanov hələ də ciddi fiqur olduğunu düşünür, iddialarından əl çəkmir. Lakin tezliklə görəcəksiz: Elxan Məmmədovun xələfi başqası olacaq. Əvəzləyici tapılıb – uyğun zaman, münbit şərait gözlənilir. Xələf AFFA-ya tamamilə yeni komandayla da gələ bilər…
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp