Gürcüstanda 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsi keçirilir. Qitənin ən yaxşı komandaları qalib adı uğrunda qonşu ölkədə mübarizə aparır.
 
Ötən il Bakı da 17 yaşlıların Avropa çempionatına ev sahibliyi etmişdi… Bəli, Bakı, Azərbaycan yox.
 
U-17-lərin yarışında 16 komanda 4 qrupda mübarizə aparırdı. Müqayisə üçün bildirək ki, Gürcüstanda cəçi 8 komanda, 2 qrupda yarışır.
 
Bizim keçirdiyimiz bütün oyunlar Bakıya salınmışdı, komandalar “Dalğa Arena”da, “Bakcell Arena”da və Bakı Olimpiya stadionunda üz-üzə gəlirdi. Qonşularımız isə bu oyunları 2 şəhərdə və 4 stadionda təşkil edir: Tiflisdəki Mixael Mesxi (27 000), Mixael Mesxi – 2 (2 000), David Petriaşvili (3000) və Qoridəki Tengiz Burjanadze (5 000) stadionlarında.
 
Premyer Liqanı SOCAR çempionatına, Avropa çempionatını Bakı birinciliyinə çevirənlər üçün gözəl nümunədi. Əmin olun ki, Gürcüstana 16 komanda gəlsəydi, oyun keçirilən şəhərlərin sayı daha çox olacaqdı.
 
Pulu cibdən cibə ötürmək üçün hamını “Boulvard Hotel”ə yığmaqla, oyunları və məşqləri ancaq AFFA-nın balansındakı stadionlara salmaqla iş bitmir. Futbolu bölgələrə yaymaq, kütləviliyi artırmaq, eyni zamanda ölkənin təbliğatı ilə məşğul olmaq lazım idi. Oyunları Qəbələyə, Lənkərana salmaqla AFFA məmurları şəxsi mənfəət baxımından uduzacaqdısa, bundan ölkə qazanacaqdı.
 
İqtisadi amilləri, turistik imkanları, kütləviliyi, bölgə camaatının maraqlarını heç kim nəzərə almadı. Ona görə ciddi bir sərvəti olmayan Gürcüstan hər şeyi olan Azərbaycanla müqayisədə daha zəngin, daha demokratik, daha elit dövlət sayılır.
 
CAVAD
 
P.S.: AFFA bölgələrdə futbolun inkişafında maraqlı olsaydı, bu işi görən klublara əngəl olmazdı. Yüksək səviyyədə təşkil olunan “Qəbələ Cup”la eyni vaxta salınan “Caspian Cup” yadınızda olar. AFFA bu yarışları üst-üstə saldı, daha yaxşı təşkil edilən, daha böyük komandaların gəldiyi Qəbələdək yarışı aradan qaldırmaq üçün hər şey etdi və buna nail oldu.
P.P.S.: Heç indi “Caspian Cup” da keçirilmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp