Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “İnter” – “Mladost” (2:0) matçı qalmaqalsız ötüşməyib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra polislər paytaxt təmsilçisinin azarkeşlərinə fiziki təzyiq göstərib.

Buna onların avtobusu bölüşdürə bilməməsi səbəb olub. Eyni avtobusla növbə ilə matça gələn tərəflər arasında qarşıdurma yaranıb. “Tornado” təhlükəsizlik xidmətinin əməkdaşları olan azarkeşlər oyundan sonra avtobusda yer alsalar da, polislər onları döyərək nəqliyyat vasitəsindən düşürüb və özləri əyləşib. Hadisə şahidlərinin dediyinə görə, polislər azarkeşlərə qarşı hətta xidməti dəyənəklərindən də istifadə ediblər. 

“İnter” klubunun icraçı direktoru Rəmiş Malıyev isə hadisə ilə bağlı saytımıza bunları dedi: “Xoşagəlməz hadisədi. Avtobusa ödəniş edib, azarkeşləri stadiona gətirmişik. Həmin azarkeşləri oyundan sonra avtobusdan polislər düşürdüb. Kim ki, müqavimət göstərib onları maşınla aparıblar. Düzü, mən bunları görməmişəm, mənə də bu cür deyiblər. Azarkeşləri buraxıblar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp