Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Serbiya “Mladost”u ilə görüşdə “İnter”ə dəstək olmaq üçün “Dalğa Arena”ya gəlmiş azarkeşlər oyun başa çatdıqdan sonra olduqca xoşagəlməz hadisəylə üzləşib. Fanatların gəliş-gedişi üçün klub rəhbərliyinin ayırdığı avtobusa minmək istəkləri baş tutmayıb.
 
Hadisə iştirakçılarının etirazına səbəb olan olay Sabunçu rayonunun polisləri tərəfindən törədilib (sport24). Fanatlar gəldikləri avtobusa minmək istəsələr də, polis əməkdaşları nəqliyyatı boşaltmağı əmr ediblər. Polislər həmin avtobusla şöbəyə qayıtmaq istədiklərini bildiriblər. Bir qrup azarkeşi yerə tökən polislər, etiraz edənləri avtobusa basıb, bölməyə aparıblar.
 
Azarkeşlərdən birinin “mən keçmiş polis polkovnikiyəm, indi pensiyadayam. Amma sabiq poqon yoldaşlarım boğazımdan tutub, avtobusdan düşürdülər” deməsi isə həqiqətən ürəkağrıdıcı məqamdı.
 
Bu cür gözəl qələbədən sonra ən yüksək əhval-ruhiyyədə olan “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov şəxsi əlaqələrini işə salmalı oldu. Sabunçu Polis İdarəsinin rəis müaviniylə əlaqə yaradan Axundov bölməyə aparılan fanatların günahsız olduğunu bildirdikdən və hadisəni nəql etdikdən sonra futbolsevərlərin dərhal buraxılacağına dair zəmanət alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp