İlk təsnifat mərhələsinin oyunları bitincə, klublarımızın Avropa Liqasındakı növbəti rəqibləri də bəlli oldu. “Qəbələ” Polşa “Yagelloniya”sı, “İnter” Lüksemburq “Fola”sı, “Zirə” isə Rumıniya “Astra”sı ilə üz-üzə gələcək.
 
Təqvimə görə, II təsnifat mərhələsinin ilk oyunları iyulun 13-də, cavab qarşılaşmaları 1 həftə sonra olmalıdı. Təmsilçilərimizin hamısı ilk oyunu evdə keçirməlidi.
 
“Futbolinfo”nun əldə etdiyi məlumata görə, oyunların üst-üstə düşməsi səbəbindən bəzi dəyişikliklər edilib. Ev oyunlarını eyni stadionda – “Dalğa Arena”da keçirməli olan “İnter”lə “Zirə”nin matçlarında dəyişiklik olub. Belə ki, “Zirə” öncə səfərdə oynamalı olacaq.
 
Qəsəbə klubu hələ “Differdanj”la səfər matçına çıxarkən ilk oyunda qazandığı nəticəyə (2:0) arxayın olaraq Rumıniyaya da bilet sifariş edib. Elə bu səbəbdən Lüksemburqdakı matçdan sonra komanda Rumıniyaya yollanıb. “Astra”yla oyuna kimi burada qalmağı lazım bilən təmsilçimiz həm də yol yorğunluğundan qurtulub. Razılaşmaya görə, ilk matçı səfərdə keçirəcək Ayxan Abbasovun yetirmələri Bakıya 1 həftə sonra qayıdacaq.
 
“İnter”in isə oyununun vaxtı dəyişə bilər. Lüksemburq “Fola”sını qəbul edəcək bakılıların ilk oyunu iyulun 11-də və ya 12-də keçirməsi mümkündü. 13-də “Qəbələ” “Yagelloniya”nı qəbul edəcəyindən eyni gündə 2 matçın reallaşması mümkün olmaya bilər. Amma 11-də də “Qarabağ” Çempionlar Liqasında Gürcüstan “Samtredia”sı ilə Bakıda üz-üzə gələcək. Bu səbəbdən “İnter” yəqin ki, iyulun 12-də meydana çıxacaq.
 
Amma bu, son xəbər deyil.
Shares: