Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter"i bu turnirin 2-ci təsnifat mərhələsində Lüksemburq "Fola"sı ilə duellər gözləyir. Futbolinfo.az xəbər verir ki, komandamız bu rəqiblə ilk oyunu iyulun 13-də Bakıda, cavab matçını isə ayın 20-də səfərdə keçirəcək.

Eş şəhərini təmsil edən "Fola" 1906-cı ildə yaradılıb. 111 yaşlı komanda bu müddət ərzində 7 dəfə ölkə çempionu adını qazanıb (1917/18, 1919/20, 1921/22, 1923/24, 1929/30, 2012/13, 2014/15). Klub 9 dəfə də gümüş medalla kifayətlənməli olub (1916/17, 1918/19, 1920/21, 1928/29, 1948/49, 1953/54, 1954/55, 2010/11, 2013/14). "Fola" 3 dəfə də (1922/23, 1923/24, 1954/55) Lüksemburq kubokunun qalibi adını qazanıb. 1972/73 mövsümündə isə finaldan məğlub ayrılıb.

Böyük tarixə malik olsa da, uğurları o qədər də bol olmayan "Fola"nın qitə arenasında ümumiyyətlə heç bir uğuru yoxdu. Sözügedən kollektiv 2013/14 və 2015/16 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulsa da, hər iki cəhdində Zaqreb "Dinamo"su bu komandanın yolunu kəsib. Belə ki, Xorvatiya çempionu birinci dəfə bu rəqibini 6 (0:5, 0:1), ikinci cəhdində isə 4 qolla yenmişdi (0:3, 1:1). 

"İnter"in rəqibi Avroliqada 4-cü mövsümünü keçirir. İlk dəfə 2011/12 mövsümündə bu turnirdə debüt edən Lüksemburq klubu İsveç "Elfsborq"u ilə bacarmamışdı (1:1, 0:4). 2014/15 mövsümündə isə İsveçin digər təmsilçisi "Göteborq" bu klubun yolun kəsib (0:2, 0:0). Ötən mövsüm Şotlandiya "Aberdin"i üzərində doğma meydanda 1:0 hesablı qələbəyə sevinən "Fola" səfərdəki 1:3 hesablı yenilgi ucbatından yenə mübarizəni erkən dayandırmışdı. Lüksemburqlular yalnız bu mövsüm tarixində ilk dəfə avrokuboklarda mərhələ keçmək sevinci yaşayıb. Belə ki, Moldova "Milsami"si ilə üz-üzə gələn "Fola" doğma meydanda 2:1 hesabıyla yendiyi bu rəqibi ilə səfərdə 1:1 hesablı bərabərliyə razılaşdı və tarixinin ən böyük uğurunu əldə etdi. Növbədə isə Bakı "İnter"i var.

"Fola"nı yerli mütəxəssis Jeff Ştrasser çalışdırır. 43 yaşlı mütəxəssis 2010-cu ildən bəri sözügedən komandanın baş məşqçisidi.

Komandanın hazırkı heyətində çıxış edən futbolçulardan 11-i legionerdi. Belə ki, "Fola"da qapıçı Tomas İm, müdafiəçi Roman Pyerrar, yarımmüdafiəçi Korenten Koçur və hücumçu Mehdi Kriş Fransadandılar. Yarımmüdafiəçi Yakob Dallevedove və hücumçu Enis Sayti Almaniya vətəndaşıdı. Bundan əlavə komandada 1 slovakiyalı müdafiəçi (Peter Xrappan), 1 ingilis yarımmüdafiəçi (Aleksandr Çvetkoviç), 1 bosniya və herseqovinalı yarımmüdafiəçi (Veldin Muharemoviç), 1 belçikalı hücumçu (Kristof Martin Suares), 1 mərakeşli hücumçu (Samir Hacı) da var.

"İnter"in rəqibi ev oyunlarını Emil Mayriş adına Eş şəhər stadionunda keçirir. Arena cəmi 3900 azarkeş tutumuna malikdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp