Moldovanın "Şerif" klubunun baş məşqçisi Roberto Bordin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis öncə bunları söyləyib:

– Sabah komandamız üçün çox vacib matç keçirəcəyik. Bizə qarşı çox güclü rəqib mübarizə aparacaq. "Qarabağ" meydanda çox yaxşı hərəkət edir, topa və oyuna nəzarəti əlində saxlamağa çalışır. Bakıdakı ilk oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Sabahkı qarşılaşma öncəsi 0:0 heç də pis nəticə deyil. İndi bizim lehimizə işləyən başqa önəmli amillər də var. Doğma meydanda, azarkeşlərimizin gözü qarşısında oynayacağıq. Çox ümid edirəm ki, onlar stadiona gələcək və bizə kömək edəcəklər.

– "Şerif" sabah hücum futbolu nümayiş etdirəcək, yoxsa ilk oyundakı taktikanızdan istifadə edəcəksiz?
– Həmişə başını aşağı salıb hücuma atılmaq lazım deyil. "Kukesi" (Albaniya) ilə əvvəlki iki oyunumuza diqqət yetirsəz, görərsiz ki, biz həm evdəki, həm də səfərdəki qarşılaşmada çoxlu qol vəziyyəti yaratdıq. Hər iki oyunda 1-dən daha çox qol vurmalı idik. Bakıda da belə imkanlarımız oldu. Birinci dəqiqədə təyin edilməyən penalti də var idi. Amma eyni zamanda açıq oynamağa da icazə vermək olmaz. Rəqibimiz çox texnikalı komandadı, hücumda da çox yaxşıdılar.

– Vitali Damaşkan sabah meydana çıxacaq?
– Biz bütöv bir komandayıq, bir-birimizə həm meydanda, həm də meydandan kənarda kömək etməyə çalışırıq. Damaşkana gəlincə, o, hələ çox gəncdi. Onun karyerası hələ qarşıdadı. Ötən mövsüm komandamıza çox kömək etdi, indi də çox yaxşı oynayır. Hər bir futbolçumuzun komandada öz yeri, meydanda öz vaxtı var ki, kluba kömək etsin.

Shares: