“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması klubun özü üçün əlavə problemlər yaratdı. Ağdamlılar çətin vəzifənin öhdəsindən gəlsə də, indi kənar qüvvələr də bu uğurda pay sahibi olmaq və ondan faydalanmaq niyyətindədi.
 
Ağdamlıların Respublika stadionundan Bakı Olimpiya Stadionuna (BOS) köçürülməsi də buna nümunədi. Komanda icarəyə götürdüyü, dolayısı ilə sahib olduğu meydanda deyil, özü üçün yad məkanda oynamalı olacaq. Amma bu məsələdə başqa nüansar da var.
 
Doğrusu, şəxsən mənə görə, 30 min tamaşaçı tutumu olan arenanı mütəmadi doldura bilmədiyimiz halda70 minlik stadion tikməyimiz özü anormallıq idi. “Qarabağ” bu baryeri aşıb və Respublika stadionunda daim anşlaq olur,qrup matçlarında da ənənənin davam etməsi gözlənilirdi. Lakin bilet qiymətlərini qaldıraraq əlavə qazanc götürmək imkanı varkən, ağdamlılar Olimpiya stadionuna “sürgün edildi”.
 
Klub baxımından bu addım xoşagələn deyl. Hər nə qədər rəsmi açıqama verilsə də, ağdamlıların “Tofiq Bəhramov”da oynamaq istədiyi şəksizdi.  Lakin əmr lap “yuxarı”dan gəlib və klub da bununla razılaşmağa məcbur olub. UEFA-nın bir gün içində stadin dəyişikliyinə razılığını bildirməsi də təsadüfi deyil – plan əvvəldən var imiş.
 
Bu dəyişiklik klub üçün itki olacaq. Əvvəla, işin psixoloji yönü var. “Qarabağ” bu mövsüm Respublika stadionunda 3 oyunda top buraxmayıb, futbolçular auraya, ab-havaya öyrəşib, bütün uğurlar da burada qazanıldığından məkanı düşərli saymaq olar. Olimpiya stadionu isə yad məkan kimi görünür. Hətta tribunalar tam dolu olacaqsa da, “Qarabağ” sanki neytral meydanda oynayacaq, komandanın azarkeşlərlə bütünləşməsi mümkün olmayacaq. Stadion azarkeşlər üçün də narahat yerdədi, gediş-gəliş əziyyətli olacaq.
 
Maliyyə baxımından da “Qarabağ” uduzacaq. Respublika stadionu klubun özünün idisə, komanda buranın saxlanmasına görə xərc çəkib, əvəzində pulsuz oynayırdısa, Bakı Olimpiya stadionu üçün əlavə xərcə düşəcək. Bir oyunun keçirilməsi üçün icarə qiyməti 40 min manatdı, məşqlər və s. xidmətlərlə birlikdə 100 min manatdan çox xərc çəkiləcək. Bu isə o deməkdi k, ağdamlılar klub büdcəsindən 3 oyun üçün 300 min manatı məcburən çıxaracaq.
 
Bu qərara baş məşqçi Qurban Qurbanov da isti yanaşmır. Müsahibəsində Respublika stadionunu hətta Premyer Liqada yararlandıqları “Azersun Arena”dan da rahat və doğma hesab etdiyini bildirən mütəxəssisin son açıqlaması fərqlidi. Qurbanov 3 gün içində fikrini bu qədər dəyişə biləcək insan deyil, onun fərqli danışması da sübut edir ki, seçim “yuxarılar”ındı və razılaşmaqdan başqa yol yoxdu.
 
Bu məsəldə “Qarabağ”ın haqlı olduğu və klubun daxili işlərinə qarışıldığı sözsüzdü. Lakin bəzi məqamlar var ki, ona görə bu yerdəyişməyə haqq qazandırmaq istəyirsən.
 
Əvvəla, oyunların harada keçirilməsinin nəticə baxımından ciddi fərqi olmayacaq. Etiraf edək ki, Respublika stadionunda oynamaq da “Qarabağ”ın ən azı 3-cü olmaq şansını artırmayacaqdı. Rəqiblər çox güclüdü, təmsilçimiz sadəcə, azarkeşlər üçün oynamalı, zövq verməli, imkan daxilində sürpriz etməlidi. Əksinə, bu arenada uğur qazanacaq ilk klub kimi “Qarabağ”ın tarixə düşmək şansı var.
 
Daha çox əhəmiyyətli məsələ isə strateji planların reallaşması yolunda “Qarabağ”ın sayəsində BOS-un reklamıdı. Növbəti Avropa çempionatında qrup oyunlarını qəbul edəcək bu arenada nüfuzlu klub turnirlərindən birinin finalını keçirmək hədəfi var. Bu baxımdan da matçların bura salınması başadüşüləndi. Yüzmilyonlar xərclənərək tikilən arenanın yaşaması, xərclərini çıxarması üçün böyük oyunlara ev sahibliyi etməsi gərəkdi. Tikilməsinə hər nə qədər zərurət olmasa da, bu arena artıq mövcuddu və boş qalmamalıdı. “Qarabağ” isə bu missiyada vacib klubdu.
 
Yəqin ki, klub rəhbərliyi istəsəydi, hansısa formada bu dəyişikliyə etiraz edərdi. Lakin onlar həm “yuxarı”dan gələn əmrə qarşı çıxmayıb, həm də stadionun sabahı üçün bu göstərişə boyun əyib. Nə bilmək olar, bəlkə uğurlarına görə dövlət rəhbərliyindən Respublika stadionunu hədiyyə alan “Qarabağ”, eyni minvalla Olimpya stadionuna da əbədi ev sahib olacaq. Hər halda, millinin oyunlarında AFFA hətta süni yolla da BOS-u doldura bilmir, “Qarabağ” isə bunu uğurları sayəsində təbii şəkildə etmək imkanına malikdi.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp