“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarının Bakı Olimpiya Stadionuna salınması bir sıra suallara da yol açdı. Klubu Respublika stadionundan bura köçürənlər oyunların yüksək səviyyədə təşkilinə zəmanət verirmi? Axı, bu arena sentyabrın 4-də milli komandanın ev matçını qəbul etməli idi, amma son anda hazır olmadığı aydınlaşdı.
Futbolinfo.az xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan – San Marino oyununun stadionu bir neçə gün öncə dəyişdirildi. Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan matçın “Bakcell Arena”ya keçirilməsinin səbəbləri kimi
UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyi,
IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığı
əsas götürüldü. Əcəba, sentyabrın 27-də baş tutacaq “Roma” ilə ev matçına kimi bu problem aradan qaldırılacaqmı?
Sualımıza BOS-dan cavab verən olmadı. Müraciət etdiyimiz mətbuat xidmətindən bildirdilər ki, stadion “Qarabağ”ın ixtiyarına verilib və bundan sonra bütün açıqlamalar da onlardan gələcək. Ağdam klubu isə hələ vəziyyətlə tanış olur və yəqin ki, tezliklə BOS-un durumu ilə bağlı bilgi verəcəklər.
UEFA razılıq qərarı veribsə, oyunların təşkili üçün problem olmadığını düşünə bilərik. Amma iş ondadı ki, stadion rəhbərliyi San Marino ilə oyuna çatdıra bilmədiyi işləri yekunladırmalıdı. Bizdə olan bilgiyə görə, BOS-un qazonu yanıb. Bu səbəbdən orada hər hansı fotoşəkiliş aparılmasına icazə verilmir. Hətta stadion ərazisində fəaliyyət göstərən qurumların, obyektlərin işçilərinə qəti təlimat verilib ki, arenada hər hansı çəkiliş aparmasınlar.
Yay aylarında qazonun qorunmasının çətinliyi başadüşüləndi. Amma heç bir oyunun keçirilmədiyi əsas meydanın kənarlarının saralması, keçəlləşməsi ona düzgün qulluq edilməməsinin nəticəsidi. Heç bir yüklənmə olmadığı halda belə vəziyyətin yaranmasının səbəbləri araşdırılmalıdı.
Təkcə ötən il stadionun saxlanmasına 3,1 milyon manat vəsait xərclənib. “Roma” ilə ilk oyuna kimi 1 ay var və bu müddətdə problemlər həllini tapmasa, “AgroSport” və arenanın qazonuna xidməti bu şirkətə tapşıranlar artıq ölkə başçısına hesabat verməli olacaq. “Qarabağ”ı qəbul edərkən prezident komandanın oyunlarını şəxsən izlədiyini bildirdi, onun qrup oyunlarına da biganə qalmayacağını təxmin etmək olar.