Norveç yığmasının kapitanı Stefan Yohansen DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniyaya qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycan, 3 gün sonra Almaniya yığması ilə qarşılaşacaq. Ölkəsinin mətbuatına açıqlama verən 26 yaşlı futbolçu qarşıdakı matçlara böyük önəm verdiklərini bildirib. “Fulhem”in formasını geyinən Yohansen yığmasının hazırkı vəziyyətini dəyərləndirib:

“Futbol komanda oyunudu, amma fərdi keyfiyyətlərin də böyük rolu var. Burada motivasiya da önəmlidi. Qarşıdakı matçlara 100 faiz köklənməliyik, bu, vacibdi. Baş məşqçi bizdən nə istədiyini açıq şəkildə izah edir. Tezliklə ən yaxşı təşkilatlanmış komandaya çevriləcəyik. Uzun müddət bir yerdə çıxış etmək böyük önəm kəsb edir. Komandanın indiki oyun tərzi mənə daha uyğundu. Hər məşqçinin öz tərzi var. Əsas odu ki, yeni çalışdırıcının üslubuna alışasan. Larsın üstünlüyü ondadı ki, futbolçulara fikrini daha aydın izah edir, açıq dialoq qurur. Onun rəhbərliyi altında millimizin gələcəyinə inanırıq”.

Shares: