Futbol üzrə Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələ matçından əvvəl mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, isveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb:
– Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən, maraqlı futbol alınacağına ümidvaram.
– Heyətdə hər hansı problem var?
– Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdırlar.
– Bakıdakı ilk oyunu yəqin ki, izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?
– Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.
– Oyuna necə hazırlaşmısız?
– Komandamız yaxşı hazırlaşıb. Xüsusən, müdafiəyə diqqət ayırmışıq. Çünki son 2 oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.
– Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiz?
– Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.
– İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?
– Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.
– Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?
– Ardıcıl 2 oyun keçirəcəyik. Hamısından tam həcmdə hər 2 qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.