Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” 2 futbolçunun transferini həll edib. Braziliyalı Pedro Enrikeni artıq Ağdam klubunun üzvü hesab etmək olar.
 
Futbolinfo.az xəbər verir ki, təmsilçimiz bir neçə gündü danışıqlar apardığı PAOK-un 27 yaşlı sol cinah yarımmüdafiəçisini icarəyə götürüb. Onun 1 illik çıxışı ilə bağlı razılıq əldə olunub. Pedro 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. O, Saloniki klubunda 23 oyunda 6 qol vurub.
 
“Qarabağ”ın növbəti transferi isə millimizin oyunçusudu. Ramil Şeydayev karyerasını ölkəmizdə davam etdirəcək. Slovakiyanın “Jilina” klubundan ayrılan hücumçu Ağdam klubu ilə bütün məsələlərdə razılığa gəlib.
 
Müqavilə ilə “Trabzonspor”a məxsus olan Ramilin keçidi ilə bağlı 2 klub arasında danışıqlar yekunlaşıb. Az öncə Türkiyə klubu futbolçunun 1 illik icarəyə verilməsinə razılaşıb. Millimizin 20 yaşlı hücumçusu “Qarabağ”da aylıq 25 min dollar alacaq, trabzonlulara hansı məbləğ ödənəcəyini isə dəqiqləşdirə bilmədik.
 
“Qarabağ”dan bu məsələ ilə bağlı açıqlama almaq mümkün deyil. Amma “Jilina” klubunun mətbuat xidmətindən öyrəndik ki, artıq Ramilin transfer vərəqi göndərilib. Və bu gün sutkanın tamamına kimi transfer rəsmiləşəcək. Avropada transfer pəncərəsinin son günü olduğundan bu keçid gün ərzində həll olunmalıydı və “Qarabağ” buna nail oldu.
 
Şeydayevin transferi hər iki tərəf üçün göydəndüşmədi. “Qarabağ” heyətini istedadlı gənclə gücləndirdi və onun sayəsində ölkəmiqyaslı yarışlarda limit problemindən də uzaq olacaq. Ramil isə 20 yaşında Çempionlar Liqasında oynamaqla əla təcrübə qazanacaq, üstəlik, bir sıra qitə klublarının diqqətini çəkəcək.
Shares: