AFFA nə görüb bu adamda? Bunun böyüyü, day-dayı, arxası kimdi? Axı, necə ola bilər ki, heç nə etmədən, nəsə bacarmadan daim işlə təmin olasan və ölkənin futbolçu nəslinin gələcəyi daim sənə həvalə olunar.
Yaşar Vahabzadə 10 ildən çoxdu baş məşqçi olmağa çalışır. Çalışır, ola bilmir. Müxtəlif millilərin baş məşqçi postu tapşırılır, hərəsində 1-2 il keçirir, yerini dəyişir və yenə böyüməyə cəhd edir. İnsana nə qədər şans verilər, nə qədər şərait yaradılar ki, hansısa formada özünü sübut etsin.
21 yaşadək futbolçulardan ibarət millimiz dünən növbəti seşmə mərhələyə başladı. Avropa çempionatının seçmələrində debüt İsraildə oldu.
Bəlkə də səfər oyunu olduğunu nəzərə alıb, 1:3 hesablı məğlubiyyəti normal qarşılamaq olar. Lakin iş ondadı ki, 65 dəqiqə azlıqda oynayan rəqib millimizə daha 2 qol vurdu və bütün komponentlərdə komandamızı üstələdi. Komandamızda məşqçi işi qətiyyən gözə dəymədi, Vahabzadə oyunun axarını dəyişməyi bacarmadı.
3 gün sonra daha güclü İrlandiya ilə oyun var, amma indidən daha bir tsiklin bizim üçün bitdiyini demək olar. Dünənki oyunda komanda qətiyyən ümid vermədi. Düşünülmüş oyun, doğru taktika, futbolçu seçimi – heç biri yox idi, əsl Vahabzadəlik futbol idi. Rəqib 10 nəfərlə bizimkilərdə daha yaxşı, daha ağıllı oynayırdı.
Vahabzadə oyunçu qıtlığını bəhanə etməsin. Elə U-21 komandası nəzərə alınaraq, Premyer Liqada mübarizə aparan klublar zəlil edilib, limitlə oynamağa məcburdular. Yaşar bəy isə onlardan normal heyət qura bilmir.
AFFA da Yaşar bəy üçün bütün səxavətini göstərir. Mustafa Kemal Ozhitay, Sərkan Baloğlu, Ozan Can Kökçü, Onur Albayrak, Alen Askerov kimi Azərbaycana dəxli olmayan futbolçular milliləşdirilərək bu bacarıqsız məşqçinin ixtiyarına verilib. Hələ ehtiyatda 6 aydı futbol oynamadığı halda milliyə götürülən iranlı qolkiper də var. Bu legionerlərlə də 10 nəfərlə oynayan rəqibə qarşı aciziksə və bu ənənə illərdi davam edirsə, o zaman Yaşar bəy nəyə yarayır?
Oman kimi səviyyəsiz komanaları udub, İslam Oyunlarının qalibi olmaq aldadıcı nəticədi. Futbolumuzun gələcəyi olan uşaqların daha bacarıqlı məşqçilərə ehtiyacı var, AFFA-nın milliləşdirmə biznesinə xidmət edən Vahabzadəyə yox. Bu adam 10 ildi öz oxu ətrafında fırlanır, böyüyə, təkmilləşə, kamilləşə bilmir.
Ancaq maddi maraqlara görə əcnəbilərə qucaq açan, yerli istedadlara kor olan məşqçinin nəzərinə çatdıraq ki, bu ölkədə uşaq liqalarında fərqlənən oyunçular da var. Onların səviyyəsi sizi qane etmirsə, açıq deyin, biz də yapışaq bu yarıların təşkilatçılarının yaxsından. Amma deyə bilməzsiz, çünki sizin bombardir ola-ola bir dəfə heç bir milliyə çağırmadığınız Valeh Seyidov elə dünən Portuqaliya klubu ilə müqavilə bağladı. Valehin valideyninin övladının arxasında durmağa imkanı var, uşağı məhv olmağa qoymadı, onun əlindən tutdu, layiq olduğu nöqtəyə çatdırdı. Ozhitayın, Baloğlunun, Kökçünün, Albayrakın, rəhbərliyiniz altında oynamış onlarla dağıstanlının, türkün yerini aldığı neçə-neçə istedad məhz sizin seçim qabiliyyətinizin olmaması üzündən indi futbolu atıb, tüfeyli həyat yaşayır. Bəlkə böyümədən yaşamaqdansa, bir kənara çəkiləsiz, Yaşar bəy?
FƏRİD