İngiltərənin "Çelsi" klubu növbəti transferlərini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, London klubu “Lester Siti”in yarımmüdafiəçisi Denni Drinkouterlə İtaliya "Torino"sunun müdafiəçisi Davide Zappakostanı heyətinə cəlb edib. Premyer Liqanın son qalibi rəsmi saytı vasitəsilə hər iki transferi rəsmən açıqlayıb.
“Zadəganlar” 27 yaşlı Denni ilə 5 illik müqavilə bağlayıb. İngiltərə mətbuatında yer alan məlumata görə, “Çelsi” ingilis futbolçu üçün 38 milyon avro ödəyib.
“Mançester Yunayted”in yetirməsi olan Drinkouter 2012-ci ildən “Lester”in şərəfini qoruyurdu. O, Premyer Liqanın 2015/16 mövsümünü çempion kimi başa vuran komandanın əsas üzvlərindən idi. Denni karyerası ərzində "Haddersfild", "Kardiff Siti", "Uotford" və "Barnsli" klublarında da oynayıb.
25 yaşlı italiyalı futolçu Davide isə "zadəganlar"la 4 illik müqaviləyə imza atıb. Onun transferi "Çelsi"yə 28 milyon avroya başa gəlib.
İtaliya yığmasında da bir neçə oyun keçirmiş Zappakosta "İsola Liri" klubunun yetirməidi. O, "Atalanta", "Avellino" klublarında da çıxış edib. Müdafiəçi "Torino"da 2015-ci ildən oynayırdı.
Drinkouter "Çelsi"də 6, Zappakosta 21 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidi.