Son günlər ölkə xaricinə yollanan həmyerlilərimizin sayı xeyli artıb. Bu gün daha bir futbolçumuzun legioner karyerası yaşayacağı dəqiqləşdi.
Futbolinfo.az xəbər verir ki, yenə baş rolda tanınmış menecer Vaqif Heydərlidi. Başqalarından fərqli olaraq, ölkə klublarının pulunu lazımsız əcnəbilərə dağıtmağı deyil, yerli gənclərin xaricdə oynayaraq təcrübə qazanmasını prioritet seçən Heydərli yenə diqqət mərkəzindədi.
1 il öncə Budaq Nəsirovun Portuqaliyanın məşhur “Sportinq” klubuna keçidini reallaşdıran, srağagün Valeh Seyidovun “Louletano”ya transferinə dəstək verən Vaqif bəy, indi də “Qəbələ”nin aşağı yaş qruplarındakı çıxışından tanıdığımız Fərid Nəbiyev Çexiyanın adlı-sanlı klubuna aparıb. Praqa “Slaviya”sı ötən gün səhər saatılarında Çexiyaya gedən futbolçu və meneceri ilə müqaviləni rəsmiləşdirib. 19 yaşlı futbolçulardan ibarət milli komandamızın kapitanı Praqa təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Çexiyanın adlı-sanlı klublarından sayılan “Slaviya”nın əsası 1892-ci ildə qoyulub. Çexiyada son mövsümün çempionu olan “Slaviya” tarixi ərzində ölkəsində bütün mümkün titulları qazanıb. Komandaya təcrübəli mütəxəssis 55 yaşlı Yoraslav Şilqavı rəhbərlik edir. “Slaviya” ev oyunlarını 20800 tamaşaçı tutumuna malik “Eden Arena”da keçirir.
Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü Kamran Ağayev də Çexiyada çıxış edir. Ağayev “Mlada” klubunun formasını geyinir.