Türkiyənin "Beşiktaş" klubu almaniyalı müdafiəçisi Andreas Beklə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu vətəninə qayıdıb. O, "Ştutqart"a keçib. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Bek "Ştutqart"la müddəti 2019-cu ildə başa çatacaq müqaviləyə imza atıb.
Vaxtilə Almaniya yığmasında da oynamış futbolçu 2015-ci ildən "Beşiktaş"da idi. Bu iki mövsümdə o, "qara qartallar"la Super Liqanın qızıl medallarına sahib çıxıb.
Bek məhz "Ştutqart"ın yetirməsidi. 2005-ci ildə peşəkar karyerasına bu klubda başlayan futbolçu 2008-də "Hoffenhaym"a transfer olunub. 2015-ci ilədək "Hoffenhaym"da oynadıqdan sonra o, Türkiyədə legioner həyatı yaşamağa qərar verib. İndi isə o, görünür, karyerasını son illərini də doğma klubunda keçirmək fikrinə düşüb.
"Ştutqart" heyətində yer alan futbolçulardan ikisini isə icarəyə göndərib. Belə ki, Kamerun əsilli fransız müdafiəçi Jerom Onquen Avstriyanın "Zalsburq" klubuna bir illik icarəyə verilib. Fransanın "Soşo" klubunun 20 yaşlı yetirməsi "Ştutqart"a bu ilin əvvəlində transfer olunub. Julian Qrin isə Almaniyanın "Qroyter Fyurt" klubuna icarəyə verilib. ABŞ yığmasının da şərəfini qoruyan amerikalı vinger də "Ştutqart"a bu ilin əvvəlində transfer edilib. "Bavariya"nın yetirməsi olan futbolçu bir müddət "Hamburq"da da oynayıb.