Son ev oyunu, xal ehtiyatını artırmaq üçün axırıncı şans. Yəqin ki, Bakı Olimpiya Stadionundakı görüş daha sonra Almaniyaya yola düşəcək millilərimiz üçün tarixinin rekordunu yeniləmək üçün sonuncu imkandı.
 
Milli komandamız bu gün Çexiya yığması ilə formal matça çıxacaq. DÇ-2018-in seçmə mərhələ matçında tərəflərin heç birinin ciddi iddiası qalmayıb. Bəlkə də 3-cü yeri tutmaq baxımından hansısa şəxsi prinsip, öndə olmaq həvəsi yarana bilər. Lakin Robert Prosineçkinin açıqladığı start heyətinə baxanda bəlli olur ki, xorvat mütəxəssis qarşılaşmaya önəm vermir, ya da məğlubiyyəti daha məqsədəuyğun sayır.
 
Millimizin baş məşqçisi bu gün qapını Kamran Ağayevə tapşıracaq. Hətta klubsuz olduğu dönəmlərdə də “1 nömrə” sayılan qolkiper elə məhz Çexiya “Mlada”sında ayda bir oyuna çıxır. Səlahət Ağayevin zədələnməsindən sonra isə ümumiyyətlə, rəqibsiz qalıb və seçimin onun üzərində saxlanılması başadüşüləndi. Prosineçkinin yerinə Azərbaycan futbolunun sabahını düşünən başqa biri olsaydı, Anar Nəzirova şans verərdi. “Zirə”də stabil oynayan bu qolkiper belə şans qazanmaqla bəlkə də millidəki “Kamran asılılığı”na son qoymaq üçün rəsmi matçda sınanmış olardı.
 
Maksim Medvedevin zədələnməsindən sonra müdafiənin sağ cinahı Məhəmməd Mirzəbəyova tapşırılacaq. Milliləşdirilmiş dağıstanlını Maqomed Mirzabekov kimi təqdim etməyimiz daha doğrudu. Qeyri-sabit oynayan “Neftçi”də ən zəif futbolçulardan olan bu oyunçunun təəssüf ki, daha ciddi rəqibi yoxdu.
 
Müdafiənin mərkəzində yer alacaq Bədavi Hüseynovla Rəşad Sadıqov ölkədə ən yaxşılardı. Hətta onlardan başqa milli səviyyəsində layiqli əvəzediciləri də gözə dəymir. Vida matçına çıxacaq Rəşadı yalnız Ruslan Abışov qismən unutdura bilər. Fiziki cəhətdən tam hazırlıqlı olmayan “Neftçi”nin kapitanı yəqin ki, matçın gedişində Sadıqovu əvəzləyəcək. Çünki heyətə başqa mərkəz müdafiəçisi çağırılmayıb. Son turun “İnter” – “Neftçi” matçında azı 5 bağışlanmaz səhv buraxan, San-Marino qarşı görüşdə belə rəqibə qol hədiyyə edən Tərlan Quliyevin millinin düşərgəsində olması qəbahətdi. “Sumqayıt”ın müdafiəçiləri – Bəxtiyar Həsənalızadə ilə Vurğun Hüseynov dəvətə daha çox layiq idilər, nəinki Tərlan.
 
Pavel Paşayev son oyunlarda sabit çıxışıyla seçilib. Təmkin Xəlilzadəyə, Ürfan Abbasova da şans vermək olar. Xüsusilə “Zirə”nin üzvü hazırda daha yaxşı formadadı. Bununla belə, Prosineçkiyə irad bildirmək olmur – Pavel alternativlər arasında ən yaxşısıdı.
 
Rahid Əmirquliyevin heyətə salınması anlaşılmazdı. Düzdü, o, “Qarabağ”da bu mövsüm bir neçə oyuna çıxıb, lakin ciddi matçların heç birində məşqçilər bu yarımmüdafiəçiyə ümid bağlamayıb. Heyətə qoyulması azmış kimi, Rəşad Sadıqovdan sonra məhz onun kapitan olacağının açıqlanması absurddu. Qara Qarayev qala-qala onun oynadılması Prosineçkinin avantürasıdı.
 
Cavid Hüseynov, Dmitri Nazarov və Riçard Almeydanın oynaması gözləniləndi. Baxmayaraq ki, “Qəbələ”nin kapitanı həm klubda, həm də millidə son oyunlarda yalnız tənqid olunub.
 
Yarımmüdafiənin sağında oynayacaq Əfran İsmayılov start heyətinə düşdüyü üçün yalnız Prosineçkiyə minnətdar olmalıdı. San-Marino ilə oyunda dubl etməsi də bu futbolçunun Çexiyaya qarşı oynamasına səbəb olmamalıdı. “Qarabağ”da bir aydan çoxdu forma geyməyən birisinin millidə start heyətinə düşməsi buna daha çox layiq olan Namiq Ələsgərovla Mahir Mədətova haqsızlıqdı.
 
Hücumun sivri ucuna “qonmuş” Ruslan Kurbanov da yalnız Robertin sevimlisi olduğu üçün bu şərəfə nail olub. Prosineçki ölkə çempionatını yaxşı izləsəydi, “Qəbələ”nin oyunçusunun yalnız bir matçda saatı meydanda tamamladığını, həmişə də cinahda oynadığını görərdi. Keyfiyyətsiz futboluyla yadda qalan dağıstanlı Premyer Liqanın bombardiri Mahir olan yerdə hətta ehtiyatda da oturmamalı, Renat Dadaşov və Ramil Şeydayevdən sonrakı alternativ olmalıydı.
 
Cənab Prosineçki dəlləklik edir, eksperimentləri ilə kimlərinsə haqqını yeyir. Təki vida oyunu keçirəcək Rəşad Sadıqovun bayramını korlamasın…
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp