İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratiçi videotəkrar sistemi (VAR) ilə bağlı təhqiredici ifadələr işlətdiyinə görə cəzalanıb.

Futbolinfo.az xəbər verir ki, İtaliya Futbol Federasiyası onun 2 həftə yaşıl meydanlardan uzaq qalması ilə bağlı qərar çıxarıb.

Turin təmsilçisi ötən həftə “Atalanta” ilə səfərdə 2:2 hesablı bərabərliyə razılaşaraq ilk xal itkisi ilə üzləşdi. İtaliya Futbol Federasiyasından verilən məlumata görə, matçdan sonra paltardəyişmə otağına gedən yolda Paratiçi VAR haqqında ağır təhqirlərin də yer aldığı müxtəlif fikirlər səsləndirib. Bu isə onun 2 turluq cəzalanmasına gətirib çıxarıb. Federasiyanın İntizam Komitəsi klub rəsmisinə 20 min avro da cərimə kəsib.

Qeyd edək ki, “Yuventus” sözügedən oyunda Mario Mandzukiçin vurduğu qolla hesabı 3:1 etsə də, videotəkrar nəticəsində qayda pozuntusu qeydə alınmışdı və qol ləğv edilmişdi. Qalan dəqiqələrdə isə “Atalanta” daha bir top vurmaqla hesaba tarazlıq gətirmişdi.

Paratiçinin VAR-a təhqir yağdırdığı üçün aldığı bu cəza A Seriyasında bir ilk kimi tarixə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp