“Millinin formasını geyinmək mənim üçün böyük fəxrdi”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib. 27 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Burkina-Faso ilə qarşılaşacaq CAR yığmasına çağırılıb. Hazırda millinin düşərgəsində olan Ndlovu ölkəsinin mətbuatına müsahibə verib.

Qarşıdakı görüşün vacib olduğunu deyən Dino mundialın final mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib: “Rusiyaya gedəcəyimizə inanmırıqsa, onda Burkina-Faso ilə matça çıxmağımız əbəsdi. Hazırkı heyətlə meydandan 3 xalla ayrılacağımızı düşünürəm. Tanrıya çox inanıram. O, həmişə ən güclü əsgərləri çətin tapşırıq qarşısında qoyur. Futbolçusuzsa, daim təzyiq altında olursuz. Əks təqdirdə, özünüzü həmişə komfortda hiss edərsiz”.
 
“Qarabağ”ın forvardı uzun müddətdən sonra yenidən milliyə dəvət alması haqda da danışıb. O, bunda Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının böyük rol oynadığını deyib: “Bu cür önəmli məqamda yığmaya çağırılmağım əladı. Milliyə birdəfəlik qayıtmağım üçün ideal məqamdı. Mənə şans verilsə, özümü göstərməyə çalışacam. İnanıram ki, baş məşqçi mənə bu imkanı yaradacaq. Baş məşqçinin qərarlarına həmişə hörmətlə yanaşmışam. Amma Azərbaycan və ya Mozambikdə çıxış etməyimə baxmayaraq, mən də futbol oynayıram. “Qarabağ”ın heyətində Çempionlar Liqasında iştirak etməyim mənə çox yardımçı oldu. Millinin çalışdırıcısı ilə əvvəlcə telefon vasitəsilə danışdıq. O, mənə komandanın bir hissəsinə çevriləcəyimi dedi”.

Seçmə mərhələdə 3 oyun keçirən və aktivində cəmi 1 xal olan CAR yığması üçün Burkina-Faso ilə görüş böyük əhəmiyyət kəsb edir. Mundiala yollanmaq şansını saxlamaq istəyən “Bafana Bafana” meydana qələbə üçün çıxacaq. 

Ndlovu azarkeşlərin də köməyi ilə çətin durumdan çıxacaqlarına inanır: “Şənbə günü həmvətənlərim öz komandaları ilə qürur duyacaqlar. İnanıram ki, azarkeşlər bizə sona qədər dəstək olacaqlar. Çünki qrupda çətin duruma düşmüşük. Vəziyyəti düzəltməliyik. Burkina-Faso ilə matçda tribunalar tam dolmasa belə, bu, bizi məyus etməməlidi. Çünki mən cənubi afrikalıların “Bafana Bafana”nı necə sevdiklərini bilirəm. Onların bir qismi evdə qalsalar belə, televizor vasitəsilə oyuna baxacaqlar. Bu mənada, mənəvi dəstək alacağımıza əminəm. Ümid edirəm ki, matçı yaxşı nəticə ilə bitirəcəyik”.
 
Təcrübəli futbolçu klubunda həmişə yaxşı oyun göstərməli olduğunu dilə gətirib: “Milliyə dəvət alıb-almamağımdan asılı olmayaraq, “Qarabağ”da həmişə yüksək səviyyədə oynamalıyam. Çünki ailəmin çörək pulunu mən qazanıram. Qəzəblənib desəm ki, məni yığmaya çağırmırlar, buna görə də klubumda oynamıram, onda özümə ziyan edərəm. Milliyə dəvət alacağıma ümidim var idi. Düşünürdüm ki, vaxt gələcək, məni də çağıracaqlar. Həmin məqam yetişdi. “Qarabağ”da adətən 4-3-3 taktiki sxemində çıxış edirik. Millinin bu və ya fərqli taktikada oynamasının mənim üçün elə də önəmi yoxdu. Klubumda yeganə hücumçu kimi çıxış edirəm. Yığmanın əvvəlki matçlarını izləmişəm. Həmin görüşlərdə Tokelo Rantie tək hücumçu kimi oynayıb. Bu, oxşarlığın olduğunu göstərir. Odu ki, hansısa problemlə üzləşəcəyimi düşünmürəm”.
 
Ndlovu söhbət əsnasında Azərbaycan Premyer Liqasını CAR çempionatı ilə müqayisə edib: “Hərənin öz fikri var. Məncə, CAR çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasının səviyyəsindən bir qədər üstündü. Bunun da əsas səbəbi Azərbaycan çempionatında cəmi 8 komandanın çıxış etməsidi. CAR-da isə yüksək liqada 16 komanda mübarizə aparır”. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp