Bakı Olimpiya Stadionu bu gün təkcə Azərbaycan – Çexiya matçına meydan olmayacaq. Qarşılaşmadan 2 saat öncə AFFA İcraiyyə Komitəsinin (İK) üzvləri bir araya gələcək.
 
Nizamnaməyə görə, İK ildə 4 dəfə yığışmalıdı. Artıq oktyabrdı və qurum üzvləri yalnız 2-ci dəfə toplaşırlar. 10 ayda 2 dəfə bir araya gəlirlərsə, deməli, qalan müddətdə daha 2 dəfə toplaşmaları mümkün olmayacaq. Düzdü, ilsonunda milli komandaların məşqçilərinin məsələsini müzakirə etmək üçün İK-nın çağırılması qaçılmazdı. Lakin belə olduqda da yenə say məsələsində Nizamnamə pozulacaq.
 
İK üzvlərinin BOS-da yığışması təsadüfi deyil. Etiraf etməsələr də, AFFA rəhbərliyi ipəyatmaz, əhlikef məmurlardan ibarət komitəni toplamaqda çətinlik çəkir. Nazirlər, müxtəlif qurum rəhbərləri viran olmuş futbol təsərrüfatına görə vaxt sərf etmək istəmirlər. Bu gün isə ələ fürsət düşüb. Çexiya ilə oyunda onsuz da əksəriyyət stadionda olacaq. Belədə 2 saat tez yığışıb bəzi məsələləri müzakirə etmək, yeyib-içmək, viski ilə xumarlanmaq olar.
 
Əslində, qurumun toplaşması da formal xarakterlidi. Komitədə əksər üzvlər yalnız əl qaldırmaqla məşğul olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov ssenarini hazırlayıb, bütün planları cızıb, hətta özünə sərf edən qərarları da hazırlayıb. İndi qalır ona rəsmi don geyindirmək və bu səbəbdən komitə üzvlərinin əl qaldırması kifayət edəcək.
 
İcraiyyə Komitəsinin dünəndən açıqlanan gündəliyi də maraqlıdı. Bir çox məsələlər bilərəkdən unudulub, əvəzində vaxtı keçmiş bəzi məsələlər müzakirəyə verilib.
 
“Region Liqası”nın Əsasnaməsinin layihəsinin müzakirəsi birbaşa baş katibin beyninin məhsuludu. İK üzvü olan Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun da ideya müəlliflərindən olan bu liqa tezliklə dünyaya göz açmalıdı.
 
II divizion kimi düşünülən bu yarışı təşkil etməklə AFFA guya bölgələrin də qayğısına qaldığını göstərmək istəyir. İdeya olaraq yaxşıdı – daha çox liqa, daha çox komanda kütləviliyin də göstəricisi ola bilər. Amma bu yarışın effektivliyi necə təmin ediləcək; statusu necə müəyyənləşəcək; klubların cəlb edilməsi üçün nə kimi işlər görüləcək; iştirakçılar necə stimullaşdırılacaq? Və ya I diviziona buraxılmayan komandalar burada iştiraka razılıq verəcəkmi?
 
Əvvəla, “Region Liqası”nın peşəkar, yoxsa həvəskar komandalardan təşkili dəqiqləşməlidi. Peşəkar statuslu komandalar oynayacaqsa, yarışı Peşəkar Futbol Liqası təşkil etməlidi; həvəskar klublar mübarizə aparacaqsa, burada da təşkilatçı dəqiqləşməlidi. Həvəskarlar Futbol Federasiyası və ya Regional Futbol Federasiyasından hansının təşkilatçı olduğu aşıqlanmalı, iş onlara tapşırılmalıdı. İK mütləq təşkilalatçını müəyyənləşdirməli, daha sonra isə ondan hesabat istəməlidi. Ümid edirik, ən azı ad oxşarlığına görə Regional Futbol Federasiyasının prezidenti olan İsgəndər Cavadov iştirak edəcəyi iclasda bu məsələni qaldıracaq.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp