Bundan başqa, liqanın iştirakçılarının stimulu müəyyənləşməli, onların qalibinin yalnız Avropada həvəskarların turnirində oynaya biləcəyi, yoxsa peşəkar status alaraq I diviziona yükslməsinin mümkünlüyü dəqiqləşməlidi. Komandaların heyətinin necə qurulacağı da bilinməlidi. Çünki yarış həvəskarlar üçün nəzərdə tutulubsa, dünənədək peşəkar futbol oynayanların orada çıxışına məhdudiyyət qoyulmalıdı.
 
Baş katib Elxan Məmmədovun Region Liqası ilə bağlı açıqlamasından aydın olur ki, bu, pilot layihədi. Yəni, hələlik sistemin oturub-oturmayacağı yoxlanılır. Halbuki bu kimi yarışlarda sınağa ehtiyac yoxdu, mövcud baza müəyyənləşdiridikdən sonra qərar verilməli, sistem açıqlanmalı, dayanıqlılığı təmin olunmalıdı.
 
4 liqa və sonda final mərhələsinin təşkili ideyası daha məqsədəuyğundu, lakin burada əsas problem bütün regionlarda kifayət qədər iştirakçının tapılıb-tapılmamasıdı. AFFA indiyədək təftiş etməli, müraciətlərə baxmalı və təqribi sayı müəyyənləşdirməli idi.
 
Hamının bir liqada birləşməsi mümkün olmayacaq. Çünki əvvəla, belədə “Region Liqası” adı əhəmiyyətini itirəcək, bu, daha çox II diviziona və ya həvəskarlar çempionatına çevriləcək. İkincisi də, komandaların ölkə boyunca gəzməsi, ev-səfər oyunlarına getməsi üçün kifayət qədər maliyyə imkanı olmayacaq.
 
Məmmədov qalib komandanın diviziona yüksəlməsi stimulundan danışıb. Bu məsələ İK-nın iclasında mütləq dəqiqləşdirilməlidi. Çünki klubların statusu, həvəskar və ya peşəkar olması çox önəmlidi. Əks halda, sabah AFFA-nın hansısa qurumunun – Həvəskarlar və ya Regional Futbol Federasiyasının təşkil etdiyi yarışdan PFL-ın söz sahibi olduğu dəstəyə yüksəlmək üçün bəzi hüquqi problemlər ortaya çıxacaq. Üstəlik, divizionda sonuncu olan komandanın peşəkar statusunu itirib həvəskarlar arasına enməsi də dəqiq tənzimlənməlidi.
 
Məmmədov bu yarışa pilot layihə gözü ilə baxır. Halbuki bi iş görülürsə, uzun müddətə planlar cızılmalı, onun səmərəsi, perspektivi barədə real vəd verilməlidi. “Tutar qatıq, tutmaz ayran” prinsipi baş aldatmaqdan başqa bir şey deyil.
 
Görünür, baş katib bu ideyasının perspektivinə özü də inanmır. Məşqçilər, Klublar, Media Komitəsi yaradan Elxan Məmmədov onların heç birindən hansısa ciddi xeyir görməyib, bu qurumların hamısı kağız üzərində mövcuddu. İdman direktorları ilə bağlı kampaniya, elit-məşq layihəsi, topçiləmə festivalları da çoxdan səmərəsizliyini sübut edib. Məmmədovun heç bir layihəsi ölkə futbolu adına xeyirli olmayıb, hamısı yarımçıq qalıb. Ona görə də “Regional Liqa”yla bağlı İK üzvləri diqqətli olmalıdı.
 
Ad dəyişsə də, bu liqa SSRİ vaxtındakı zona birinciliklərinin alternatividi. Həmin yarışlardan alınan effekt bir çox futbolçu nəslinin yetişməsinə, daha güclü, peşəkar komandalarımıza yüksəlməsinə səbəb olmuşdu. Eyni sistemin tətbiqinə çalışmaq, işə barmaqarası münasibət göstərməmək, rayonlarda yerli hakimiyyət orqanları ilə münasibətləri istiləşdirmək lazımdı. Əks halda, “Regional Liqa” da Bakı kənd və qəsəbələrinin birinciliyinə çevriləcək.
 
Burada zaman məsələsi də önəmlidi. Komitə üzvləri yatıb-yatıb oktyabrda ayılmaqla ölkə futbolunu iflic edib. Bu gün liqanın yaradılması haqda qərar verilsə belə, yarış ən tezi oktyabrın sonunda başlayacaq. O vaxt ki, artıq Premyer Liqa klubları istirahətə getməyə hazırlaşır, ölkəni qış ağuşuna alır. Komandaların təşkili, püşkatma, təqvimin müəyyənləşdirilməsi, iştirakçıların və oynayacaqları meydanların təftişi xeyli vaxt aparacaq. 1-2 turdan sonra əyalətlərdə ümumiyyətlə, futbol oynamaq mümkün olmayacaq. Meydançaların durumunun hava şərtləri üzündən hansı vəziyyətə düşəcəyi heç kimə sirr deyil. Bu yarış indiyə kimi təşkil edilməli və hazırda ilk dövrə bitmək üzrə olmalı idi.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp