Bugünkü iclasın gündəliyinə salınan digər məsələ 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflərdi. Nonsesdi – yarışlar artıq başlayıb, komandalar oynayır, yeni qaydalar da tətbiq olunub. İcraiyyə Komitəsi isə hələ qərarı indi verəcək. Bu daha çox Elxan Məmmədovun etdiyi yeniliklərin İK iclasında rəsmiləşdirilməsi olacaq. Qərar indi veriləcəksə, o zaman klublar indiyədək niyə yeni qaydalara əməl edir?
 
Komitə üzvləri özlərinə hörmət edirsə, bu məsələyə diqqət yetirməlidi. Artıq real işdə tətbiq olunmuş yeniliklərin indi rəsmiləşdirilməsi qurum üzvlərinin əlqaldıran müqəvvalar olması demək deyilmi?
 
İclasda digər məsələlər də müzakirə olunacaq. Amma bu ad altında hansı məsələlərin gizləndiyi müəmmadı. Adətən bu bənd iclasın gedişində üzə çıxan yeni təkliflərin müzakirəsi üçün nəzərdə tutulur. Aşağıda qeyd edəcəyimiz məsələ əvvəlcədən gündəliyə salınmalı idi və bunu “digər məsələlər” bölməsinə salmaq hiyləgərliyin son həddi olardı.
 
Katiblik nədənsə U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadənin istefası  məsələsini unudub. Onun postundan getməsi İK-da təsdiqlənməli və Samir Ələkbərov müvəqqəti baş məşqçi kimi təsdiqlənməlidi. Çünki məşqçilərlə bağlı qərarları – AFFA Nizamnaməsinə görə – yalnız İK verə bilər.
 
Elxan Məmmədov səlahiyyətərini aşaraq, Vahabzadənin istefasını qəbul edib, yeni məşqçi də təyin edib. Komitənin qərarı olmadığından sabah Almaniya ilə matçda U-21-ə Vahabzadənin başçılıq etməməsi qanun pozuntusudu. Ümid edirik, İK üzvləri bununla bağlı baş katibi danlamaq və rəsmi qərar vermək cəsarətinə sahibdi.
 
Baş katibin müsahibəsində dediyi kimi, Robert Prosineçkinin bitməkdə olan müqaviləsi həqiqətən indi müzakirə oluna bilməz. Bunun üçün İK daha bir dəfə toplaşmalıdı. Lakin Vahabzadənin məsələsini həmin vaxta saxlamaq doğru deyil. Elxan Məmmədovun qovduğu və təyin etdiyi adamlara İK rəsmi münasibət bildirməlidi. Bir az irəli getsək, bu özbaşınalığa görə baş katiblə müqaviləylə müqaviləyə xitam verilməsi də mümkündü, çünki o, vəzifə səlahiyyətlərini aşıb, İK-nn əvəzinə qərar verib.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp