2017-ci ilin sonu milli komandalarımızın taleyinə də aydınlıq gətirdi. Seçmə mərhələlərin yekununda bəlli oldu ki, AFFA ölkə futbolunun inkişafı yönündə heç bir iş görməyib, yalançı hay-küy baş aldadan reklam, görüntü, fon var.
 
Ölkə futbolunun aynası milli komandalardı. Onların nəticələri birbaşa futbol təsərrüfatında idarəçiliyin hansı durumda olduğunu göstərir. Burada isə vəziyyət faciəvidi. Təsəvvür edin, son bir ayda millilərimiz 14 oyun keçirib, bunlardan 11-də uduzub. Bu məğlubiyyətlərdən 7-si biabırçı hesabla reallaşıb. Top fərqi də faciəvidi – 11:45. Cəmi 1 qələbə və 2 heç-heçə qeydə alınıb. Halbuki 10 ilin hakimiyyətinin, maliyyə bolluğunun yekunu belə olmamalıydı.
 
A milli komandası
Çexiya 1:2, Almaniya 1:5
 
U-21
Almaniya 1:6
 
U-19
İrlandiya 0:0, Serbiya 1:4, Kipr 1:2
 
U-17
İrlandiya 0:6, Ukrayna 1:6, Bolqarıstan 2:1
 
U-17 (qızlar)
İslandiya 0:2, İspaniya 0:3, Monteneqro 1:1
 
U-16
Gürcustan 1:5, Gürcustan 1:2
 
Yalnız 16 yaşlılardan ibarət millilərimiz qüvvəsini sınaq matçlarında sınayıb, digər nəticələr seçmə mərhələ oyunlarında qeydə alınıb. Yekun olaraq, bütün millilərimiz qruplarında son 2 yerdən birini tutub.
 
Düzdü, qızlar komandalarımız elit-raunda vəsiqə əldə edib. Amma bunu uğur yox, biabırçılıq saymaq lazımdı. Çünki millilərimiz Bakıda keçirilən qrup oyunlarında cəmi 1 qol vurub, 1 xal qazandığı üçün buna nail olub. 4 komandadan üçünün növbəti mərhələyə adladığı yarışı ciddi qəbul etmək olmaz. Komandamız ispanların 22 qol vurduğu Monteneqronu da yenə bilməmiş, amma daha yaxşı top fərqinə görə 3-cü olmuşdu. Bu isə elit-raunda vəsiqə qazanmağa yetərli oldu. Bu qədər “möhtəşəm” nəticə göstərən komandanı elit-raundda nələrin gözlədiyini özünüz təsəvvür edin.
 
Bəs, milli komandalarımızın bu vəziyyətə düşməsinin səbəbi nədir? Yığmalarımız niyə qapazaltıdı?
 
Bu sualların cavabı AFFA-nın düzgün strategiya seçməməsində, səriştəsiz idarəçiliyində, futbolun incəliklərini bilməməsində gizlənir. Futbola market gözü ilə baxıldığı, bütün işlərin marketoloqlara tapşırıldığı bir ortamda fərqli nə isə gözləməyə dəyməz.
 
İş onu bilənlərə deyil, dost-tanışa, qohum-qardaşa tapşırılırsa, əsl mütəxəssislər kənarda saxlanılırsa, yeni nəsil kadrların hazırlığına diqqət yetirilmirsə, belə də olmalıydı.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp