AFFA rəhbərliyinin hakimiyyətdə olduğu 10 il ərzində dövlət futbola ciddi şəkildə qayğı göstərdi. Təsadüfi deyil, bütün sahələrdə maliyyə sıxıntısının, hətta digər idman sahələrində böhran olduğu son 1-2 ildə də dövlət AFFA-ya ayrılan büdcəyə toxunmadı, SOCAR-ın sponsorluğuna əngəl törətmədi.
 
2005-15-ci illəri əhatə edən Dövlət Proqramı isə göydəndüşmə fürsət idi. Bu dövrdə top oyununun inkişafına milyardlar xərcləndi, lakin heç kim hesabat istəmədi, dövlət vəsaiti havaya sovruldu, sabaha yönəlik heç bir iş görülmədi. Elə olmasaydı, Dövlət Proqramı bitən kimi yenidən “peraşki” dövrünə qayıtmazdıq.
 
Bu cür dövlət qayğısının nəticəsində futbol təsərrüfatımız dayanıqlı, dotasiyasız, qazanc gətirən sahəyə çevrilməli idi. Ən azı qitənin ortabab futbol ölkəsinə çevrilməli, xaricdə oynayacaq futbolçu nəsli yetişdirməli, onların transferi ilə klubların maliyyə durumunu, bacarıqları ilə millilərin nəticələrini yaxşılaşdırmalıydıq. Lakin işlər o qədər bərbad aparıldı ki, vaxtilə 16-18 komandanın güclülər dəstəsində yarışdığı ölkədə indi Premyer Liqada oynayacaq 8 komanda tapmırıq, stimulsuzluqdan divizion klubları qumara qurşanıb, uşaq futbolu isə heç kimin yadına düşmür.
 
Ölkə futbolunun bir nömrəli idarəçisi olan AFFA-nın baş katibi Elxan Məmmədov bütün strateji vəzifələri dostlarına tapşırıb, oyunçu transferlərini, milliləşdirmə biznesini, geyim-inventar sahəsini, stadionların istismarını və təmirini, komandaların maliyyələşdirilməsini və s. monopoliyasına alıb. Saxta reklamla özünə arxa-dayaq tapıb və sanki heç nə olmayıbmış kimi işinin başındadı.
 
Halbuki təkcə Eddi İsrafilov üçün büdcədən çıxarılan 1 milyon dollar görə baş katibi kətil üstə oturtmaq olardı. Hanı bəh-bəhlə gətirilən, milliyə heç bir xeyir verməyən anqolalı?
 
Bəli, Avropa Liqasının finalı, AVRO-2020-nin bir qrupunun oyunları ölkəmizdə keçiriləcək, U-17-lərin Avropa çempionatını da qəbul etmişik. Amma bütün bunlar Məmmədovun uzaqgörən siyasətinin deyil, UEFA-yla bağlanan 250 milyon dollarlıq sponsorluq müaviləsinin nəticəsidi. Və bütün hallarda dövlətin pulu xərclənib, heç bir layihə beyin məhsulu deyil. Məmmədovun beyninin məhsulu yalnız topçiləmə festivalları və ya indiyədək heç biri uğurlu olmayan müxtəlif əndrabadi layihələr ola bilər.
 
Mövzudan uzaqlaşmayaq. Milli komandalar bu qədər uğursuz çıxış edirsə, deməli, uşaq-gənclər futbolunda işlər düzgün qurulmayıb. Hər il bir neçə milyon manat xərclənən bu sahəyə təsadüfi adamlar təyin olunub, onların əməyinin nəticəsi isə millilərin nəticələrində özünü büruzə verir. 10 il qısa müddət deyil. Vaxtında təməl düzgün atılsaydı, bünövrə düzgün qoyulsaydı, indi əla ehtiyat qüvvəyə malik idik. 2005-ci ildə futbola başlayan 7-8 yaşlı uşaqlar düzgün sistemlə, bacarıqlı kadrların əli altında yetişdirilsəydi, 2017-də 19-20 yaşlı yüzlərlə istedad ortaya çıxmalıydı.
 
Lakin işlər elə quruldu ki, ancaq dövlət pulları mənimsənildi, əvəzində dövlət başçısının izlədiyi oyunda – 17 yaşlıların Portuqaliya ilə açılış matçında meydana 6 milliləşdirilmiş futbolçunun oynadığı komanda çıxarıldı. 0:5 hesablı məğlubiyyət isə prezidentə xoşagəlməz sürpriz oldu, məmurların ötən illər ərzində onu aldatdığı üzə çıxdı. Və həmin məmurlar heç nə olmamış kimi hələ də işinin başındadı.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp