"Ramil Şeydayevin Azərbaycana gedişi "Zenit" və Rusiya üçün çox ciddi itkidi. Başa düşmürəm, belə bir oğlanı necə itirmək olar?"

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Zenit-2” komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib. O, “Sport-ekspress”ə müsahibəsində Şeydayevin Azərbaycan millisində oynamaq qərarına münasibət bildirib: 

“Ramil Rusiya Birinci Divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurdu. Bu, bir möhür idi. Həmin il 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatanda onunla dəfələrlə söhbət etdim. Şeydayev "mən qərar verdim" deyən insan deyil. Mənə bildirdi ki, “Nikolayiç, bir neçə variantım var”. Vəssalam. Sonradan xəbər tutdum ki, hər şey həll olunub. Geriyə yol yoxdu. Şeydayevin vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmirəm".

Radimov hazırda da Şeydayevlə tez-tez danışdığını və onun Rusiyadan gedişinə təəssüfləndiyini bildirib: 

“Ramil indi "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. O, müqavilə ilə "Trabzonspor"a məxsusdu. Şeydayevlə indi də əla münasibətlərimiz var. Hərdən yazışırıq. Peşman olduğunu hiss edirəm. Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda klubları gəzəcək. Bəlkə də Azərbaycanda itib-batacaq".

Xatırladaq ki, Azərbaycan vətəndaşlığını qəbul edərək ötən ildən millimizdə çıxış edən gənc hücumçu bu yay müqavilə ilə məxsus olduğu “Trabzonspor”dan icarə əsasında "Qarabağ"a keçib. Ağdam klubuna qədər isə o, Slovakiyanın “Jilina” klubunda icarədə oynayırdı. Amma millimizin forvardının həmin komandada da çıxışı uğurlu alınmadı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp