Uşaq futbolunda vəziyyət o qədər bərbaddı ki, AFFA özü heç kimi yetişdirə bilmir, dövlətin milyonlarını Ramil Şeydayev, Emin Mahmudov kimi başqa ölkələrdə yetişən azərbaycanlıların milli komandaya cəlb edilməsinə xərcləyir. Halbuki işlər düzgün qurulsaydı, onlardan da istedadlı uşaqlar yetişdirmək mümkün idi. “Azərbaycanlıdan futbolçu çıxmaz” düşüncəsini “yuxarılar”ın beyninə yeridənlərə elə həmin Ramil, Emin və ya Rusiya millisinin liderinə çevrilən Aleksandr Səmədov əla cavab verib. Hələ tarixi vərəqləməklə daha neçə-neçə futbolçunun adını çəkə, Vəli Qasımov, Nazim Süleymanov, Ələkbər Məmmədov, İsgəndər Cavadov, Əli Daeinin simasında yüzlərlə cənubi azərbaycanlını nümunə göstərə bilərik.
 
Elxan Məmmədovun azərbaycanlıları sevmədiyini bilirik, lakin onun bu millətin sabahını məhv etməsinə göz görə-görə biganə qalmaq inanılmazdı. O, azərbaycanlı balalarının şikəst kimi böyüməsində, tüfeyli həyat yaşamasında maraqlı olduğunu uşaq liqalarının idarəsini Yusif Vəliyevə tapşırmaqla göstərib. Paketə işləyən bu işbilməz marketoloq kimi savadlı biridi, işi-gücü telekanallarda ekspert kimi çıxış etməkdi. Amma futbol onluq deyil, bu adam sadəcə, baş katibin etibarlı kadrı olduğu üçün oradadı. Elxan bəy bura xərclənən milyonlar nəzarətindən çıxmasın deyə, əvvəllər AFFA-da “resepsion”da işləyən bu şəxsi məsul posta təyin edib.
 
Milli komandada hələ də yerli uşaqlar oynayırsa, bunun səbəkarı “Sabahın ulduzları” layihəsini təşkil edənlərdi. U-21-də, əsas milli komandada heyətin özəyini həmin yarışdan çıxanlar formalaşdırır. Bəs, həmin yarış indi niyə yoxdur? Çünki həqiqətləri dediyi, indikiləri ifşa etdiyi üçün düşmən qüvvə sayılan Tahir Süleymanovun layihəsi idi. Daha yaxşısını ortaya qoya bilmədilər, “Sabahın ulduzları”na isə dəstək vermək əvəzinə, məhvinə nail oldular. Bunlara futbolun inkişafı yox, monopoliya lazımdı.
 
Uşaq futbolunun inkişafı istiqamətində daha bir sanballı işi “Bakı” görmüşdü. Bu klubun akademiyası tarixin yaddaşına köçsə də, hələ də 3-4 ilə yetişdirdikləri ölkə futbolunun inciləridi. Bu akademiyaya çətin vaxtda dayaq durmaq, onun yeni nəslin yetişdirilməsindəki çabalarına dəstək vermək əvəzinə, məhvinə nail oldular. Ölkə klublarına paylanan “Bakı” yetirmələrindən qazanan da AFFA oldu. Təsəvvür edin, bu uşaqlar üçün müraciət edən klublara elə assosiasiyadan “hə” cavabı verilir, klubun maraqları nəzərə alınmır. Saxta elektron ünvan açaraq, onların gedişinə razılıq məktubları verirlər, “Bakı”nın zəhməti, xərcləri heç kimi maraqlandırmır.
 
Bircə “Qəbələ” qalıb. Bu klubun akademiyası çox əla nəsil yetişdirir, buradan çıxan futbolçular ölkə klublarını, milli komandaları möhkəmləndirir. Fərq o qədər böyükdü ki, “Qəbələ”nin uşaq komandaları rəqiblərini 30:0 hesabıyla yenir. Bugünə kimi bu kluba AFFA tərəfindən hansısa dəstək olubmu? Əksinə, gücə-gündüz məhvinə çalışırlar. Axı, “Qəbələ” ortaya fərq qoyur, istedadlı nəsil yetişdirməyin mümkünlüyünü isbat edir. Bu isə işbilməzlərin ifşası deməkdi. Onlarla ayaqlaşa bilməyəndə büdrəmələrinə çalışırlar.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp