"Üç oyundur məğlub oluruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq. 8-9 oyunçu ilə məşq edirik" – bunu "İnter”in baş məşqçisi Zaur Svanadze səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
 
Gürcüstanlı mütəxəssis heyətdəki itkilərə diqqət çəkib: "Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva xəstə olduğundan bu gün çıxış edə bilmədi. Düzdür, bunu bəhanə etmirəm, ancaq heyət sarıdan problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək vəziyyəti düzəldə bilərik".
 
Svanadze bildirib ki, "İnter” adı ilə çıxdıqları son oyunda qalib gəlmək istəkləri alınmayıb. Lakin o, futbolçuların klubun adına layiq çıxış etdiklərini vurğulayıb: "Növbəti turdan "Keşlə” adı altında oynayacağıq. Hazırkı oyunçularla tam hazır olmaq, keyfiyyətli məşq keçmək mümkün deyil. Rəhbərliklə danışmışam. Qışda bir neçə mövqeyə yeni futboçuların cəlb edilməsini planlaşdırırıq. Çox istərdik ki, onlar yerli futbolçu olsun. Lakin bu, çox çətin olacaq. O ki qaldı legionerə, məncə, bunu həyata keçirə bilərik" (Report).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp