2 nümunə hələlik kifayətdi. AFFA milli komandaları düşünərək müəyyən həvəsləndirici addım da ata bilər. Deyək ki, öz yetirməsi Premyer Liqa oyunlarının 60-70 faizində iştirak edən klublara bonus yardımlar etmək.
 
Məsələn, “Neftçi” hansısa yetirməsini daim oynadacaqsa, ona görə 200 min manatlıq mükafat verilə bilər (bu təcrübə Macarıstanda var – müəl.). Onsuz da futboldan heç nə qazanmayan əksər komandalar o zaman 3-4 yetirməsinə güvənməklə ildə 600-800 min manat qazanacaq. Bu isə “Kəpəz”, “Sumqayıt”, “Səbail” kimi klubların illik büdcəsinin yarısı, hətta hamısı deməkdi. Belə olduqda klublar da öz yetirmələrini oynatmaqda, onların inkişafında maraqlı olacaq.
 
Sual: bəs, o pul haradan ödəniləcək?
Cavab: AFFA-nın bu həvəsləndirici maliyyəni təmin etmək üçün yetərli büdcəsi var!
Aydınlatma: Deyək ki, Premyer Liqada oynayan 8 komandanın hərəsi 5 belə futbolçuya güvəndi. Bu, ümumilikdə 40 futbolçu, deməli, 8 milyon manat mükafat deməkdi. AFFA onsuz da uşaq liqalarının təşkilinə 3 milyondan çox vəsait sərf edir. Say artırmaqla, vecsiz komandalara pulu dağıtmaqla inkişafa nail olmazlar. Həmin yarışları 1 milyon manatla yola vermək olar. Deməli, mükafat fondunun 2 milyonu buradan təmin edildi.
 
Bernard Lippert uşaq-gənclər futbolunun inkişafına cavabdeh şəxs kimi AFFA-da çalışır, amma 10 ildi heç nəyə nail olmayıb. Ona verilən illik 300 min avro havaya səpilir. Və ya indiki potensialla mili komandaya Joze Mourinyo da rəhbərlik etsə, heç bir inkişafa nail olunmayacaq. Bu səbəbdən Robert Prosineçki və ya hansısa əcnəbiyə illik 1,2 milyon avro xərcləməyin mənası yoxdu. Yığma komanda aylıq 5-10 min manata çalışmağa razı olan onlarla layiqli yerli məşqçilərdən birinə tapşırıla bilər. Nəticədə Lippert və Prosineçkinin ikisinin maaşından 1,5 milyon avro, yəni, 3 milyon manatlıq qənaət mümkündü.
 
Hesablayırsızsa, ortada 3 milyon manat qaldı, artıq 5 milyona qənaət etməyin yolunu tapmışıq. Həmin 3 milyonu isə bahalı və həddindən artıq çox toplanışların bir qismindən, mənasız topçiləmə layihələrindən, büdcəni talayan digər xərclərdən imtina etməklə təmin etmək olar. Bu, SOCAR-a da dəstək olar. Neft şirkəti onsuz da “İnter”, “Kəpəz”, “Səbail”, “Neftçi” və “Sumqayıt”ın saxlanılmasına 20 milyon manata yaxın vəsait sərf edir. Belədə klublar yetirmələrinə görə pul qazandıqda büdcəyə pul gələcək və sponsordan asılılıq azalacaq. Nəticədə həm pul daha səmərəli sərf olunacaq, müəyyən qənaət mümkünləşəcək, həm də 40-a yaxın yeni nəsil nümayəndəsi yetişəcək. Bunu düşünmək buqədərmi çətindi?
 
Yəni həmin pul, bir az da azı – yenə klublara veriləcək. Fərq ondadı ki, “Səbail”ə, “Sumqayıt”a, “Kəpəz”ə, “İnter”ə, “Neftçi”yə yerləşdirilən qohumlara, dostlara “al, xərclə” deyə yox, “qazan, haqq et, verim” prinsipi işə düşəcək. Ola bilsin, bu işdə səriştəsi olmayan qohum-əqrəba, dost-tanış deyil, işi bacaran layiqli insanlar daha çox gəlir əldə edəcək, amma ən çox qazanan dövlət və futbolumuz olacaq.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp