AFFA klublara əlavə maliyyə yardımı etməyə də borcludu. FİFA, UEFA assosiasiyalara necə yardım edirsə, AFFA da eyni qaydada klubların qayğısına qalmalıdı. Həm də bütün bunlar uşaq futboluna diqqət edilməsi şərçivəsində reallaşmalıdı.
 
Bəs, AFFA nə edir? Saxta statistikalar, siyahılar açıqlamaqla guya ölkədə uşaq futbolunun inkişaf etdiyini göstərməyə cəhd göstərirlər. Halbuki kəmiyyətdənsə keyfiyyəti düşünmək daha vacibdi.
 
Məsələn, AFFA yaxınlarda bəyan etdi ki, Azərbaycan futbol ailəsinin 120000-ci üzvü “dünyaya gəlib”. Mətnə diqqət edək: “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 120000 nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 120000-ci üzvü "Grassroots week” layihəsi çərçivəsində Gəncə şəhərində təşkil edilən futbol festivalına qatılan oyunçu – 25.09.2008-ci il təvəllüdlü Əntiqə Tariyel qızı Yusifovadır”.
 
Mümkündü. Belə festifallar sayəsində hətta yarım milyona da çatmaq olar. Amma gəlin, ölkədəki bütün futbol komandalarını sayaq və onların hərəsinə 20-30 nəfər hesablayaq: say heç 5000-ə çatmır. Həm də bunların neçəsi peşəkar futbolla məşğul olur? İstedad baxımından bu qədər varlıyıqsa, nəyə 8 peşəkar komandamız var və onlar da futbolçu qıtlığından, xüsusilə limitə düşənlərin azlığından əziyyət çəkir?
 
Baş katib Elxan Məmmədov belə siyahıları açıqlamaqdansa, zəhmət olmasa, Belçika və ya İslandiya təcrübəsinə diqqət yetirsin. Belçikada məhz uğurlu uşaq futbolu layihəsi sayəsində indi bütün dünya bu ölkənin ulduzlarından danışır. İslandiya isə fərqli mövzudu. Az qala hər yeri buzla örtülü bu adanın yığması düzgün strategiya nəticəsində son Avropa çempionatında xarüqələr yaratdı, indi də qrup birincisi kimi dünya çempionatına gedirlər. Həm də futbolçular hardansa – Eddi İsrafilov, Dmitri Nazarov, Dəniz Yılmaz və başqaları kimi – milyonlar xərclənərək gətirilməyib, ideal planla elə İslandiyada yetişdirilib. Heç vaxt yaxşı futbolçusu ola bilməyəcəyi iddia edilən islandlardan…
 
Elxan bəy onu da bilsin ki, İslandiyanın əhalisinin sayı 330 min nəfərdi. Yəni sizin qeydiyyatdan keçirdiyiniz 120 min futbolçudan bir qədər çox…
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp