"Neftçi" hər tur bir komandanı keçir və liderlər qrupuna yaxınlaşır. Ötən tur yendikləri "Səbail"i, bu dəfə elə "gəmiqayıranlar"ın büdrərdiyi "İnter"i arxada qoydular, gələn həftə də "Sumqayıt"la şəxsi dueldən qalib ayrılıb, 4-cü pilləyə əyləşmək olar.
 
Premyer Liqada rəqabət o qədər zəif, komandalar o qədər qeyri-sabitdi ki, doğru yolu seçdinsə, işlər qaydasına düşür, irəliləyirsən. "Neftçi" də baş məşqçi postunu Tərlan Əhmədova tapşırmaqla düzgün seçim etmiş kimi görünür və bu dəyişiklik yavaş-yavaş bəyrəsini verir. Ardıcıl 3 qələbə komandanı özünə gətirib.
 
"Kəpəz"lə 9-cu tur matçı da istisna olmadı. Bakılılar rəqibindən daha üstün olduğunu ilk dəqiqələrdən göstərdi və fasiləyə kimi layiq olduqları qolu vurdular. Düzdü, daha çox fərqlənmək də mümkün idi, təsadüfi qolla xal itirmək də. Amma nəticə hər necə olacaqdısa, 3 xalı haqq edən " Neftçi" idi. Heyətinə, büdcəsinə görə "Kəpəz"i 5-6 dəfə üstələyən qonaqlar oyun baxımından belə fərq yarada bilməsələr də, hər halda, üstün idilər.
 
"Kəpəz" çox zəifləyib və mövsümün ən zəif kollektividi. Büdcə baxımından hamıdan geri qalan gəncəlilər heyət yetərsizliyindən əziyyət çəkir. Təsadüfi deyil, 2 aparıcı oyunçunun zədələnməsi baş məşqçi Şahin Diniyevi tamamilə çarəsiz qoymuşdu. Bu səbəbdən hələ tam hazır olmayan Məhəmməd Qurbanov, Fərid Məmmədov start heyətdə peyda olmuşdu. Hansı ki, onlar normalda "Neftçi"nin əvəzedici heyətinə düşə bilməzlər. Əhmədovun ehtiyatda saxladığı 3 legionerin maaşı isə "Kəpəz"in büdcəsi qədərdi.
 
Buna baxmayaraq, meydan sahibləri ilk real qol vəziyyətini dəyərləndirsəydi, bəlkə də indi fərqli nəticədən danışırdıq. Amma Viktor Oseqeyl matçın əvvəlində qapıçıyla təkbətək çıxdığı epizodda topu kənara vurunca şansın da "Kəpəz"in yanında olmadığı aydınlaşdı. Və az sonra künc zərbəsindən sonra qonaqlar hesabı açdı.
 
İstənilən halda, "Kəpəz"də çox ciddi problemlər var və Qəbələdəki qələbə də sırf təsadüf idi. Komanda qışa kimi imkan daxilində çox xal toplayıb, yanvarda heyətə əl gəzdirməlidi. Və bunun üçün büdcəyə əlavələr edilməlidi. Düzdü, klub rəhbərliyi bu mövsümü infrastrukturun yaxşılaşdırılmasına qurban vermək niyyətindədi – transfer büdcəsindən kəsilərək stadionun qazonu dəyişdirildi, bazada müəyyən təmir işləri görüldü. O da bəlllidi ki, istənilən halda -sonuncu yeri tutsa da, "Kəpəz" elitada qalacaq, Premyer Liqada komanda sayı 8-dən də aşağı ola bilməz. Lakin azarkeşləri nəticə maraqlandırır və onlar ölkənin ən köklü klublardan birini qapazaltı kimi görmək istəmirlər.
 
FƏRİD, Gəncə
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp