"Kəpəz" – "Neftçi" oyununda hakimlərin səhv etməsi ilə bağlı 3 epizod şübhə yaratdı. 9-cu turun Gəncədə baş tutan bu oyununda FİFA referisi Əliyar Ağayevin həmin anlardakı qərarları həm məşqçiləri, həm də azarkeşləri qəzəbləndirdi. Düzdü, xırda səhvlər çox idi – məsələn, Ceyhun Cavadov hələ ilk dəqiqələrdə sarı vərəqə almalıydı, amma hakim meydan sahiblərin oyunçusunu ilk kobudluğu olduğu üçün bağışladı.
 
Əsas narazılıq qol epizodu ilə bağlı idi. Belə ki, Ruslan Abışov fərqlənərkən ofsaydda olduğu görünürdü. Amma təkrara baxdıqda aydınlaşdı ki, Şəhriyar Rəhimov oyundankənar vəziyyəti pozurmuş. Düzdü, oyunu yayımlayan "CBC Sport" çoxdan keyfiyyətə tüpürüb və oyunları cəmi 4 kamera ilə çəkir. Onların təqdim etdiyi kadrlarla isə ədalətli qiymət vermək olmur. Amma yenə də əldə olan görüntüyə əsasən, Ruslanın rəqib müdafiəçidən öndə olmadığını deyə bilərik.
22751071 10207459250119597 1901492916 o - Futbolinfo.az
Qol anı…
 
İkinci narazılıq yaradan epizod matçın sonlarında Viktor Oseqeylin cərimə meydançasında yerdə qaldığı an idi. Kiril Petrovun ləngliyindən istifadə edən legioner bir andaca təhlükə yaratdı. İkili mübarizə zamanı ukraynalı oyunçu onu yüngülcə tutsa da, Viktor inadla irəlilədi və zərbə vurmağa çalışdı. Amma qapıçı Rəşad Əzizli vaxtında mübarizəyə girib, topun qarşısına özünü sipər etdi. Həmin vaxt Oseqeyl müvazinətini itirib, Petrovun altında qaldı, lakin topa zərbə vurmuşdu və qapıçıdan dönən topa "Neftçi"nin digər müdafiəçisi çatmışdı.
871662259eb53d8480fb - Futbolinfo.az
Az sonra Oseqeyl Petrovla "qucaqlaşıb" qazona uzanacaq…
 
Hakimlərin müəyyən səhvləri oldu, lakin əminliklə demək olar ki, onlar qərəzli deyildi. Həqiqətən "Kəpəz"i uduzdurmaq istəsəydilər, hələ oyunun əvvəlində top gəncəlilərin oyunçusunun əlinə dəyərkən penalti təyin edərdilər. Əliyar Ağayev gözü önündəki epizodda doğru qərar verdi. Əvvəla, top ayaqdan sıçramışdı, qısa məsafədə qəfil istiqamətini dəyişən top əli tapdığı halda bunu qayda pozuntusu kimi qəbul etmirlər. Ən əsası, oyunçu da həmin anda topu əllə çıxarmağa çalışmır, əksinə, əlini gizlətməyə çalışırdı. Bədənə bitişik qola dəyən top penalti kimi dəyərləndirilməməliydi.
 
Ağayevin əsas səhvi son dəqiqələrdə oldu. "Neftçi"nin hücumu zamanı gəncəlilərin müdafiəçisi rəqib Elnur Cəfərovun əlindən tutub, yerə yıxdı. Həmin anda "Kəpəz"in qapısına penalti təyin edilməli idi, amma hakim epizodu diqqətdən qaçırdı.
 
Bununla belə, gəncəli azarkeşlərin bir neçəsi oyundan sonra bazanın önünə toplaşdı. Onlar AFFA nümayəndəsi Namiq Məstanova narazılıqlarını, hakimlərin "Kəpəz"ə qarşı qərəzli olduqlarını bildirdilər. AFFA Hakimlər Komitəsinin sədri, eyni zamanda oyunun hakim-inspektoru Xaqani Məmmədov isə təhqir edildi. Yaşlı bir azarkeş onu görən kimi müxtəlif xoşagəlməz ifadələr işlətdi və "Bugünkü hakimliyə yüksək qiymət versən, kişi deyilsən" deməyi lazım bildi: "Bunun özünün necə hakim olduğunu görmüşük. Gedib Özbəkistanda (Məmmədov uzunmüddət bu ölkədə yaşayıb – müəl.) sədr olsun. Gülağa Cabbarov, əsasən də Tahir Süleymanov qala-qala niyə buna güvənirlər, bilmirəm?"
 
Azarkeşlər irad bildirməkdə haqlı və sərbəstdilər, amma təhqir yolverilməzdi. Həm də bunu asayiş keşikçilərinin gözü önündə etmək çox maraqlı idi. Sanki onların olaya müdaxilə etməyəcəyini bilirdilər. Yaxşı ki, Məmmədov cavab qaytarmağı lazım bilmədi, bəlkə də cəsarəti çatmadı, yoxsa daha ciddi problemlər yaranardı. "Kəpəz" klubu rəhbərliyinin qan-qada düşməmiş təhlükəsizlik məsələlərində daha diqqətli olmaları məsləhətdi.
 
FƏRİD, Gəncə
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp