Topaz Premyer Liqasında, cari mövsümün ilk dövrəsində Gəncədə görünməyən "Kəpəz" yenə səfərdə oynayacaq. Şəhər stadionunun qazonunun dəyişdirilməsinə görə rəqibləri ilə razılaşan və ev oyunu keçirməyən komanda üçün indi başqa əngəl var.
 
Xatırlayırsızsa, yalnız "Zirə" yerdəyişməyə razılıq verməmiş və "Kəpəz" rəqibini Yevlaxda qəbul etmişdi. İndi isə oyunların yerini dəyişməyə razılaşan digər komandaları Gəncəyə gətirmək lazımdı. Lakin bu, mümkün olmayacaq.
 
Məsələn, növbəti turda "İnter" "Kəpəz"ə qonaq olmalıydı. Amma gəncəlilər ev matçlarından bəzilərini, o cümlədən bu rəqiblə oyunu 4-cü dövrəyə ertələyib. Qazon təmirdən təzə çıxdığı üçün tikinti şirkətinin nümayəndələri otun yüklənməsinin əleyhinədi. Bu səbəbdən "Kəpəz"ə ardıcıl ev oyunları keçirməyə icazə vermirlər. Gəncəlilər də Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, növbəti dəfə təqvimə əl gəzdirilməsini istəyib.
 
Ayda 2, uzağı 3 ev oyununun keçirilməsini məsləhət bilən təmirçilər oyun kökünün bərkiməsini istəyir. "Neftçi" ilə dünənki oyundan sonra ardıcıl daha bir matçın təşkili isə bu baxımdan əlverişli deyil.
 
Hələlik rəsmi qərar açıqlanmayıb. Amma yaxın günlərdə "İnter"lə növbəti matçın da "İnter Arena"da oynanılacağı rəsmən bildiriləcək. Bunu saytımıza açıqlamasında PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqlədi.
 
FƏRİD, Gəncə
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp