AFFA yeni nəsil yetişdirmək əvəzinə, pulu mənasız layihələrə xərcləyir, sponsorların dəstəyindən düzgün istifadə etmir. Məsələn, “Bakcell”in dəstək verdiyi “Mançester Yunayted” layihəsinin ölkəyə nə xeyri var? Ötən bir neçə il ərzində hansı uşaq yetişib; milli komandalara neçə futbolçu düşüb?
 
Başınızı yormayın, hafizənizi zorlamayın, elə birisi yoxdu. Bu məktəbin hər il İngiltərəyə göndərdiyi uşaqlar da yığma səviyyəsində deyillər. Onların hamısı sifarişlə seçildiyindən potensialı, perspektivi olanlar kölgədə qalır. Elə deyilsə, Mançesterə göndərilən oyunçulardan niyə heç birə hər hansı milli komandaya düşməyib? Bu məktəb bu qədər faydasızdısa, sponsorlar niyə perspektivi olmayan sahələrə yönəldilir?
 
Sadəcə, AFFA rəhbərliyi bu layihəni əyləncə məqsədi ilə seçib. Burada müxtəlif vəzifəli adamların övladları məşq keçir, könül əyləndirirlər. Elə baş katib Elxan Məmmədovun 2 övladı da burada xərclənən yüzminlər qarşısında vaxt öldürənlərdəndi.
 
Ötən 10 ildə AFFA rəhbərliyi nə edib? Yeni nəsil yetişdirməkdənsə, istedadlıların da qarşısını alıb. Bernard Lippert, Kamran Quliyev, Riad Rəfiyev və başqa adamlar baş katib Elxan Məmmədovun yaratdığı münbit şəraitə uyğun olaraq, milli komandaları əcnəbilərlə doldurub. Bu işdə əsas dəstəkçi sözəbaxan məşqçilər olub. Bernard Lippert (2008/09) U-17-yə rəhbərlik edərkən 5, Nikolay Adam (2013/14) 6, Vüqar Məmməd (2016/17) 4 legioneri azərbaycanlı kimi oynadıb. Təbriz Həsənov isə azərbaycanlı balalarını görmək istəmədiyini 2 dəfə nümayiş etdirib. O, 2012/13-cü illərdə 7, 2015/16-da 6, ümumilikdə 13 əcnəbiyə qucaq açıb.
 
Bəs, bütün bu legionerlər indi hardadı? Təqdim edəcəyimiz statistika size dəhşətə gətirəcək. Çünki onların 99 faizi əsas milli komandaya kimi yüksəlməyib, sadəcə, müəyyən müddət üçün kimlərəsə lazım olub. İstedadsız olduqları, öz ölkələrinə gərək olmadıqları üçün Azərbaycanı seçən bu legionerlər yaxşı pul qarşılığında buna razılıq verib. Eyni zamanda onların işçi kartına “milli oyunçusu” “titul”u əlavə olunduğundan, klubla müqavilə imzalayarkən üstünlük qazanıblar. Təbii ki, hər dəfə də buna görə onları yığmalarımıza calaq edən menecerlərə müəyyən “pay” göndəriblər.
 
Andrey Popoviç. 2008/09 mövsümündə U-17-də oynayıb. Həm seçmə, həm elit mərhələdə çıxış edən gələcəyin “sərxoş”u, 2009/10 mövsümündə U-19-a keçib, burada da seçmə və elit mərhələdə forma geyib. 2010/11-də də U-19-da oynayan Andrey AVRO-2015-də U-21-də çıxış etdikdən sonra əsas milliyə cəlb olunub. Bir sıra klubarımızda görünən Popoviç ölkənin 1 nömrəli komandasında 2 matça 2 top buraxıb. Cavan yaşda “sönən” ukraynalı indi vətənində həvəskar klubda oynayır.
 
Boqdan Stolyarenko. 2008/09 mövsümündə U-17-də oynayıb, sonra qeybə çəkilib.
 
Oleksi Havrilyuk. 2008/09 mövsümündə U-17-də oynayıb, sonradan o da səviyyəsizliyinə görə heç bir millimizə lazım olmayıb.
 
Maqomed Kurbanov. 2008/09 seçmə mərhələsində oynamaq üçün U-17-yə dəvət alan dağıstanlı, həmin il U-19-a da cəlb olunub. AVRO-2015-də U-21-də görünən hücumçu əsas millidə 3 matça çıxıb. Səviyyəsiz forvard olduğu tez aşkarlanan Maqomed menecerlər vasitəsi ilə bir sıra klublarımıza sırınıb. Hətta “Neftçi”yə kimi gətirilən Kurbanov indi – mövsümün gedişində xahiş-minnətlə “Kəpəz”ə ötürülüb.
 
Kirilo Bejenar. 2008/09 mövsümündə həm seçmə, həm elit mərhələdə U-17-də oynayıb. Daha sonra onu görən olmayıb.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp