Gəncə stadionu təmir olunub. Bütöv yox, yalnız qazonu. Betonlaşmış ot örtüyü yarım əsrdən sonra kotana verilib, yenisi göyərdilib.
 
Bunun üçün "Kəpəz" qurban verilib. Büdcə azaldılıb, xərclər minimum həddə salınıb. Adı da odur ki, AFFA Gəncə stadionunu təmir etdirdi. STOP!!! AFFA Gəncə stadionunun qazonunu dəyişdirdi.
 
Tablosuz, projektorsuz, uçuq-sökük, beton piltələrin dövrələdiyi Gəncə stadionunun qazonu. Qəribə mənzərədi: stadion nimdaş, boz, xarabalığa oşxardı, içindəki qazon isə çox gözəl, təbii, ürəyəyatan. Sanki Leonardo Da Vinçinin "Mona Liza"sını sınıq çərçivədə divardan asmısan. Kənarı bir qəpiklik, içindəki qiymətli.
 
Təbii ki, bu, başqa "stil"di. Gözəl nəyisə çirkin ətrafın içində saxlamaq məmur fəndi deyil. Məsələn, Gəncənin hakimi-mütləqi, icra başçısı Elmar Vəliyev başqa cür edir. Onun üçün göz önündə olan önəmlidi, arxadakı yox.
 
Gəncə küçələrini gəzirəm. Şəhərin hər yerində yol qırağı göz oxşayır. Bir çox yerdə isə tikinti davam edir. Əəsasən ikimərtəbəli tikililərdi. Taksi sürücüsü gülə-gülə təklif edir: "Bəlkə bu tikililərin arxasına da baxasan".
 
İmtina etmirəm. Xoruzun quyruğu görünür. Xarabalıqlar, zibilliklər, kasıblıqdan qovrulan insanların yoxsul evləri – hamısı bu tikililərin arxasında gizlədilir. Bütün şəhər boyu…
 
Hə, bax bu, Vəliyevin və onun kimi əksər məmurların üslubudu. Bu baxımdan çölü yox, içi abad edilən Gəncə stadionu təzaddı, müəmmadı.
 
Dövlət məmuruna kəllə atacaq qədər güclü, arxalı deyiləm. Amma gördüyümü yazmasam, vicdanım rahat olmaz. "Neftçi" rəhbərliyi bir dəfə VİP-lojadan qovulub, üstündən ilyarım keçib, amma daha "Kəpəz" rəhbərliyindən növbəti dəvəti gözləmirlər, toyuq hininə bənzəyən həmin qonaq tribunasında əyləşməkdənsə, azarkeşlərinin yanında – beton üstündə oturmağı lazım bilirlər. Onların etiraz etməyə cəsarəti yoxdu, amma mən susmaq istəmirəm.
 
Öz ənənələri olan, fərqli tərzi ilə seçilən Gəncə camaatı var. Bu şəhərdə baş çıxarmaq hər oğulun işi deyil, yerli əhali ilə hesablaşmalısan, qürurludular, hesabat istəyəndilər. Daha doğrusu, "idilər". Vəliyev onların da əksəriyyətini öz rıçaqları vasitəsi ilə zərərsizləşdirib, əlçalan edib. Düşmən qoşunlarına bir ovuc adamla baş əyməyən Cavad xanın nəvələri indi icra başçısının yanında mütidilər, onun gözü qarşısında əl çalmaq, gözə girmək yarışına çıxırlar. Təki rəhbərə xoş getsin.
 
Gəncə stadionunda mətbuat nümayəndələrinin işləməsi üçün şərait yoxdu. Yalandan oturacaqlar quraşdırıblar, şlaqbauma oxşayan masa düzəldiblər, internet də pis-yaxşı var. Amma nə olsun? Jurnalistin əyləşdiyi, vəzifə borcunu yerinə yetirməyə çalışdığı stol-stulun üzərində azarkeşlər gəzir, icra başçısı görsün deyə min oyundan çıxır, hakimi, rəqibi təhqir edirlər, bazar hay-küyü salırlar. Jurnalistin işləyib-işləmədiyi, çalışa bilib-bilmədiyi veclərinə də deyil. Təki Vəiyev üçün təlxək tamaşası maraqlı alınsın.
1508584429 elmar valiyev1 - Futbolinfo.az
 
Jurnalistlər narazıdı, yerlərinin "sirk səhnəsi"nin ortasında olmasından beziblər. Dərdimizi mətbuat katibinə, Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna deyirik. Onlar Vəliyevə irad çatdıra bilərlərmi? Əlacsızlıqdan "buna da şükür", "əlimizdən nə gəlir ki" deməklə kifayətlənirlər. Hakimi-mütləqi rəiyyətin dərdi ilə məşğul etmək olmaz!
 
"Kəpəz" qol buraxıb, "Neftçi"yə uduzur, komandanın oyunu ümid vermir. Bu səbəbdən ikinci hissədə VİP-lojada icra başçısı görünmür. Müşahidə Şurasının sədri olan oğlunun adına özəlləşdirdiyi klubun ikinci hissədəki oyununa baxmadan stadionu tərk edib. Ona qalib "Kəpəz" lazımdı ki, şəninə əl çalsınlar, yetim komanda elə qoy xarabalığı xatırladan stadionda qalsın.
 
Gəncədə futbol ab-havası var. Hiss olunur ki, şəhərin futbol ənənəsi olub, hər azarkeşi mütəxəssis, ekspertdi. Bölgədə oyun izləmək zövqlüdü, əsl fanatı görürsən, qonaq komanda səfərdə oynadığını tribuna basqısıyla hiss edir. Təmirli tribuna, güclü "Kəpəz" təsəvvür edin…
 
Vəliyev isə komanda üçün heç nə etmir. Əksinə, fasilədə Nərimanoğluya təhqiredircəsinə narazılığını bildirib, pul-para qazanacağı işlərinin dalınca gedir. Amma Gəncədən qazanacağı o pulun heç olmasa, 1-2 faizini komanda üçün xərcləməyəcək. Uzaqbaşı daha bir kamera alacaq. O kamera ki, 1-2-si daim stadionda olur və yalnız azarkeşləri çəkir. Onları nəzarətdə saxlamaq, çəkilənlərə baxıb, "çaşanları" cəzalandırmaq üçün istifadə edilir. Halbuki idiyəqədərki karyerasının ən uca zirvəsi olan şəhəri azca sevsə, camaatın qürur yeri olan "Kəpəz"ə azacıq qayğı göstərsə…
 
FƏRİD, Gəncə
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp