Alen Askerov, Əmihüseyn Nəcəfi, Mustafa Özhitay, Onur Albayrak, Ozan Gokçü, Sərkan Baloğlu. Bu futbolçular isə hazırda U-21-in üzvləridi. Yaşar Vahabzadənin daha aşağı yaş qruplarında ehtiyac duyulmadan birbaşa 21 yaşlıların düşərgəsinə çağırdığı bu əcnəbi yığının bir neçəsi artıq yeni baş məşqçi Samir Ələkbərov tərəfindən yola salınıb. Askerov “Qəbələ”yə cəlb olunub, ehtiyat oyunçular skamyasını isidir, Nəcəfi eyni statusu “Səbail”də daşıyır. Gökçü artıq millidə deyil – o, özü Azərbaycan pasportundan imtina edib.
 
Maraqlıdı ki, türk əsilli futbolçusu Ozan Can yalnız bir neçə oyun keçirdikdən sonra kimliyini xatırladı. O, AFFA-dakıların pərt edəcək qərarı "İnstaqram"dakı şəxsi hesabından açıqladı: "Yenicə aldığım bir qərarı sizinlə paylaşmaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyinməyə qərar verdim və bundan qürur duydum. Lakin son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Məncə, milli komandalarda oynayan futbolçular o məmləkətin cəfasını çəkənlər, burada burada doğulub-böyüyənlər və ya özünü o məmləkətin insanı hiss edənlər olmalıdı. Mən də bu ölkədəki futbolçu dostlarıma haqsızlıq etdiyimi düşünərək Azərbaycan milli komandasından əffimi istəyirəm. Mənim yerimə oynayacaq dostlarıma könüldən uğurlar arzulayıram. Ürəyim sizinlədi!"
 
Gökçünün qeydləri AFFA-dakılar üçün əyani vəsaitdi. Bunu bizimkilər anlamalıydı, lakin onların vicdanı susdu, legioner özü dilləndi. Halbuki futbol federasiyamıza yaxın menecerlər qrupu uzun müddət onun təbliğatını aparmış, futbolçunu vunderkind kimi təqdim etmişdilər. Heç kim fərqinə varmadı ki, bu futbolçu o qədər istedadlı idisə, "Feyenoord" illərdi zəhmət çəkdiyi bir oyunçunu niyə bu qədər rahatlıqla “Bursaspor”a bağışlandı. Bir müddət öncə adı "Mançester Siti", "Everton" və "Tottenhem"lə yanaşı hallanan (daha doğrusu, məqsədli şəkildə hallandırılan) oyunçu hətta Azərbaycan millisi səviyyəsində biri deyil.
 
Təbii ki, sizə təqdim etdiyimiz siyahıya düşən futbolçuların böyük əksəriyyəti məhz bu futbolçu kimi hərəkət edib, lakin onlar qərarını bu şəkildə açıqlamayıb, sakitcə gediblər.
 
İndi “Neftçi”də oynayan Anton Krivotsyuk, “Qəbələ”də çıxış edən Ruslan Kurbanov vaxtilə müxtəlif millilərimizdə 1-2 oyuna çıxıb. Fövqəlistedad deyillər, lakin fərqlənən tək-tük əcnəbilərdəndilər. “Qarabağ”ın derəyi olan Bədavi Hüseynovsa yalnız U-21-ə cəlb olunub, bəxti Qurban Qurbanov kimi məşqçinin əli altına düşəndə gətirib.
 
Yuxarıda adını çəkdiklərimiz ölkəmizə şəxsi maraqlar naminə gətirilən əcnəbi sürüsünün tam siyahısı deyil. Erməni klubuna keçən dağıstanlını yəqin xatırlayarsız. Daha neçə oyunçu var ki, müxtəlif millillərdə oynayıb, sadəcə, seçmə mərhələlərə aparılmayıb, 1-2 matçdan sonra milli pasport verildiyi halda, geri qaytarılıb. Bizim təqdim etdiyimiz siyahı isə yalnız seçmə mərhələdə oynayanlardan ibarətdi.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp