Topaz  Premyer Liqasının 9-cu turu yarışa yeni rəng gətirdi. “Qarabağ” və “Zirə”nin mövsümdə ilk məğlubiyyətini alması ilə liderlər qrupunda fərq aradan qalxdı. Artıq “Qəbələ” də çempionluq mübarizəsinə qayıdıb və ağdamlılar qızıl medal yarışında rəqibsiz deyil.
 
Turun mərkəzi görüşünə diqqət gözlənildiyindən də çox idi. Son vaxtlar yarıboş olan Qəbələ şəhər stadionunun tribunaları dünən liderin gəlişinin də təsiri ilə dolmuşdu. İdeal hava şəraiti, əla qazon, 2 iddialı komanda – qalırdı mükəmməl futbol sərgiləmək.
 
“Qəbələ” oyuna döyüşkən heyətlə çıxmışdı. Roman Qriqorçuk əlinin altında olan bütün sağlam futbolçuları meydana buraxmışdı. Düzdü, komanda hətta yarıəvəzedici heyətə güvənən “Qarabağ”la müqayisədə zəif görünürdü. Bununla belə, Qriqorçukun vacib oyunlarda futbolçulardan maksimumu almaq bacarığını çox görmüşük.
 
“Qarabağ”ın hətta ikinci heyəti də indiki çempionatda zirvə mübarizəsi apara bilər. Qurban Qurbanov 5 zədəli oyunçunu səfərə aparmasa da, bu, problem yaratmırdı. Start heyəti bir yana, ehtiyatdakıların hər biri təkbaşına matçın taleyini həll edə biləcək futbolçulardı. Lakin 2 cəbhədə oynamaq ciddi problem yaradır. Çempionlar Liqası oyununa görə əl atılan rotasiya özü də ortaya əngəllər çıxarır. Hər dəfə yeni heyət, uyğunlaşma problemi, bəzi futbolçuların ansambldan geri qalması nəticəyə təsir edir.
 
Qəbələdə start verilən kimi irəli atılan meydan sahibləri də bundan faydalandı. Yakub Jezniçakın müdafiənin sağında Maksim Medvedev kimi etibarlı olmadığını qəbələlilər tez hiss etdi və hücumları əsasən buradan qurdu. Nəticədə erkən qol, ardınca daha bir yüzfaizli imkan. Elvin Yunuszadə də Bədavi Hüseynov qədər etibarlı olmayınca İbrahim Şehiç çox əziyyət çəkməli oldu.
 
Amma “Qarabağ” şoka düşəcək qədər təcrübəsiz komanda deyil. Tez toparlandılar, qüsurları ört-basdır edib, oyuna ağırlıqlarını qoydular. Fasiləyə kimi qarşılıqlı hücumlar, ikinci hissədə isə birmənalı olaraq qonaqların diqtəsi var idi. Qriqorçukun qol vurulduqdan sonra topu rəqibə verib müdafiə olunmaq taktikası yenə bəhrə verdi. Düzdü, “Qarabağ” aparıcı oyunçuları meydana daxil olduqdan sonra daha üstün oynamağa, rəqibi öz cərimə meydançasına sıxmağa nail oldu. Amma nəticə dəyişmədi – 1:0 hesabı komandaların xallarının bərabərləşməsi ilə nəticələndi.
 
“Qarabağ” məğlub olsa da, istisnasız olaraq, mövsümün əsas favoritidi. Əla və geniş heyətlə çempionluq titulunu qorumaq çətin olmayacaq. Lakin bu qələbə “Qəbələ”yə də yeni ruh verdi. “Qırmızı-qaralar” sabitliyi tapa bilsələr, əsas rəqibinə ciddi başağrı olacaqlar. Amma heyət yetərsizliyi aşkar görünür. Zədədən əziyyət çəkən Filip Ozobiçin yoxluğu komandanı hücum planında yarıbayarı zəiflədib. Daha 3 həftə zədəsini müalicə etdirəcək xorvatın qayıdışınacan komanda çox geri düşməsə, qışdan sonra daha gərgin mübarizə görəcəyik.
 
Nəticəyə hakim səhvi də təsir etdi. Qol aşkar ofsayddan vuruldu. Mərkəzdə topu rəqibindən oğurlayan Elvin Camalov bir anda hücumda çoxluq yaratdı. Kombinasiyanın sonunda oyunu mükəmməl keçirən Camalovun ötürməsi zamanı həlledici zərbəni vuran Asif Məmmədov oyundankənar vəziyyətdə idi. Lakin yan xətt hakiminin bayrağı qalxmadı və “Qəbələ” hakim səhvi nəticəsində hesabı açdı.
 
Maraqlıdı ki, bu epizoda qonaqlar narazılıq bildirmədi. Nə matçın gedişində, nə sonra heç kim bu amili əlində bayraq etmədi. Hətta Qurban Qurbanov “hakim də insandı, səhv edə bilər” deməklə soyuqqanlılığını qorudu. Ötən mövsüm hakimlər “Qəbələ”nin əleyhinə səhv edəndə bu məşqçi necə davranmışdısa, dünən əks situasiyada da təmkinini pozmadı və hamıya görk olacaq nümunəyə çevrildi. Bəlkə komandasına əminliyindən, bəlkə də təmiz niyyətindən belə etdi – hər halda, bütün olanlara qərəz yox, sadəcə, səhv kimi yanaşdı, hətta bu amili qabartmadı da.
 
İstənilən halda, mövsüm erkən bitmədi, yarışa rəng gəldi və bu komandalar hələ uzun müddət bir-birinə əsas rəqib olacaq. “Zirə”nin də bu mübarizədə var olması yarışı daha maraqlı edəcək.
 
CAVAD, Qəbələ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp