Uzun fasilədən sonra, hətta mövsümdə ilk dəfə “Qəbələ” rəhbərliyi tam heyətlə komandanın oyununa gəlmişdi. “Qarabağ”la dünənki oyunda klub prezidenti Tale Heydərov, Fövqəladə Hallar naziri olan atası Kəmaləddin bəylə birlikdə fəxri tribunada yerini almışdı.
 
Son vaxtlar maliyyə çətinliyi hiss olunan klubda rəhbərliyin yenidən gözə görünməsi yaxşı haldı. Deməli, komandadan əllərini üzməyiblər, yenə dəstəkləri davam edəcək, son vaxtlar yaranan söz-söhbət əbəsdi. Amma…
 
…Amma Tale Heydərovun açıqlama verməkdən yayınması bəzi suallar yaratdı, sanki xoş müjdəli nəsə deməyə sözü yox idi. Sonradan öyrəndik onlar sırf bu oyuna görə Qəbələyə gəlməyiblər, sadəcə, bu şəhərdə olduqlarından stadiona da baş çəkiblər.
 
Kiçik Heydərov futbolçuları təbrik etmək üçün paltardəyişmə otağına düşərkən eşitdiyim bir dialoq bəlkə də çox sualın cavabıdı. Klubun vitse-prezidenti futbolçuların yanına tələsən prezidenti bir qədər ləngitdi, başqa bir işçini qabağa saldı. Heydərov ondan niyə belə etdiyini soruşanda Nəcəfov “dedim ki, səs-küy salmasınlar, sakitçilik olsun, qələbə qazanıblar, indi “beş, beş” deyib mükafat istəyəcəklər”, deyə hərəkətinin izahını verdi, Tale bəy də gülümsədi.
 
Həmin vaxta kimi avtomobilini özü idarə edərək stadiona gələ Kəmaləddin Heydərov artıq getmişdi, Tale bəy də futbolçuları təbrik edib, harasa tələsdi. Amma futbolçulara vəziyyətlə bağlı nəsə aşıqlama verib-vermədiyini bilmədik.
 
CAVAD, Qəbələ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp