“Qəbələ” – “Qarabağ” oyunundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov nikbin görünürdü. Məğlubiyyət onun əhvalına ciddi təsir göstərməmişdi. Mətbuat konfransında futbolçularından razılığını bildirən çalışdırıcı bu matçı adi bir çempionat oyunu kimi dəyərləndirdi, ilk məğlubiyyəti təbii qarşıladığını bildirdi.
 
Konfransdan sonra Qurban bəyi sürpriz gözləyirdi. Avtobusa əyləşməmiş əməkdaşımızla ayaqüstü söhbət edən Qurban bəydən zədəlilərlə bağlı soruşduq. Maksim Medvedevin zədəsinin tez sağalacağını deyən Qurban bəy, Bədavi Hüseynovla bağlı narahat idi. Onun uzun müddətə sıradan çıxmasına təəssüflənən çalışdırıcı müdafiəçinin tezliklə əməliyyat olunacağını da bildirdi.
 
Qurbanovdan oğlu Musanın da durumunu da soruşduq. Millinin düşərgəsində zədələnən gənc futbolçu da əməliyyat olunmalıdı. Yaxşı ki, onun ciddi zədə üzündən karyerasını bitirmək təhlükəsi haqda deyilənlər şaiyə imiş – Qurban bəy belə bir şey olmadığını bildirdi.
 
…Və söhbəti davam etdirə bilmədik. Buna azarkeşlər imkan vermədi. Əvvəlcə bir azyaşlı şəkil çəkdirmək üçün yaxınlaşdı, daha sonra bir valideyn 2 övladı ilə eyni istəyini çatdırdı. Avrokubokdakı uğurlu işi ilə hamının diqqət mərkəzində olan Qurban bəy qəbələli fanatların xahişini yerə salmadı. Hamı ilə səbrlə şəkil çəkdirən Qurbanovu bir yeniyetmənin hərəkəti isə təsirləndirdi.
 
Belə ki, “Qəbələ” klubunun formasında olan bir yeniyetmə məşqçiyə yaxınlaşıb avrokubokdakı çıxışla bağlı təbriklərini çatdırdı. Amma ürəyində sözünün çox olduğunu, indi həyəcandan uzun danışa bilmədiyini deyərək, məşqçiyə bir kağız uzatdı. Qurban bəy öncə kağızı götürməyib, uşağın özünü dinləmək istədi, lakin onun israrından sonra ürək sözlərinin yazıldığı məktubu avtobusda oxumaq üçün cibinə qoydu. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp